Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Amnesty International”ın qeydə aldığı faktlar Ermənistanın cinayətlərini beynəlxalq aləmdə təsdiqlədi”

Məlum olduğu kimi, “Amnesty International” Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Bu barədə təşkilatın yaydığı açıqlamada bildirilib. “Bərdə şəhərinə bir və ya bir neçə “Smerç” raketləri atılıb və bu, xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Azərbaycanın Baş Prokurorluğu bildirib ki, ən azı 21 nəfər həlak olub, 70-dən çox şəxs yaralanıb”.

Açıqlamada qeyd olunub ki, “Amnesty International”ın böhrana cavab mütəxəssisləri, şəkillərə əsasən, şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 “Smerch” 9N235 sursat parçalarının olduğunu təsdiqləyiblər: “Kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur”.

Təşkilat qeyd edib ki, kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır. “Hər iki tərəfi kasetli silahların istifadəsindən çəkinməyə və mülki şəxslərin müdafiəsinə üstünlük verməyə çağırırıq” – deyə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie Struthers deyib.

  • “…artıq düşmən ölkə məsuliyyətdən yaxa qurtara bilməyəcək”

Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, artıq Ermənistan öz cinayətlərini ört-basdır edə bilmir, hətta ona dəstək verən təşkilatlar belə düşmən ölkənin cinayətlərinə göz yuma bilmirlər: “Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı kütləvi qırğın silahlarından istifadə edərək çoxsaylı vətəndaşımızın həyatına son qoyması faktının beynəlxalq təşkilatlar tərəfindən də qeydə alınması çox mühüm haldır. Çünki indiyə qədər bir çox beynəlxalq təşkilat Ermənistanın azərbaycanlı dinc insanlara qarşı törətdiyi çoxsaylı cinayətə səssiz qalırdı. “Amnesty International” təşkilatının Ermənistanın əhalimizə qarşı törətdiyi cinayət faktlarını qeydə alması və bunu səsləndirməsi beynəlxalq aləmdə düşmən ölkənin cinayətlərinin təsdiq edilməsidir. Artıq beynəlxalq təşkilatlar Ermənistanın bu cinayətkar əməllərinə göz yuma bilmir, istəsələr belə mümkün deyil. Çünki ortada kifayət qədər peyk çəkilişi, videogörüntü, foto, təkzibolunmaz fakt var. Ermənistan məsuliyyəti boynundan atmaq üçün iddia edirdi ki, guya həmin kütləvi qırğın raketləri Azərbaycanın mülki şəxslərinə, mülki obyektlərinə bu ölkə tərəfindən atılmayıb. Düşmən əhalimizi kütləvi qırğın silahlarından atəşə tutmasını, dinc insanlarımızı qətlə yetirməsini, mülki obyektlərimizi dağıtmasını inkar etmək istəyirdi. Amma   “Amnesty International”ın qeydə aldığı faktlar Ermənistanın cinayətlərini beynəlxalq aləmdə təsdiqlədi. Artıq Ermənistan cidanı çuvalda gizlədə, dünyanı aldada bilmir. Beynəlxalq təşkilatların Ermənistanın cinayət faktlarını təsdiqləməsi o deməkdir ki, artıq düşmən ölkə məsuliyyətdən yaxa qurtara bilməyəcək, mülki azərbaycanlılara qarşı törətdiyi terror cinayətlərinə görə cavab verəcək. Ermənistanın Azərbaycanın mülki şəxslərinə qarşı qadağan olunmuş kütləvi qırğın silahı olan kasetli raketlərdən istifadə etməsi birbaşa bəşəriyyət əleyhinə bir cinayətdir. Bunu da beynəlxalq təşkilatlar artıq görməyə başlayıblar”.

S.Adıgözəlli hesab edir ki, bütün bu faktların beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənməsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəzasız qalmayacağına dəlalət edir.

İradə SARIYEVA

Boyukmillet.com

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …