Ermənistanın Azərbaycan ərazisində və azərbaycanlılara qarşı törətdiyi müharibə cinayətlərinə görə cavabdehlik daşıdığı beynəlxalq aləmə yaxşı məlumdur. Azərbaycanın bir müddət əvvəl Ermənistanla bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etdiyi və bir neçə şikayətinin təmin edildiyi məlumdur.
Yəni beynəlxalq məhkəmə Azərbaycanın Ermənistana qarşı işi ilə bağlı ilkin rəyini açıqlayıb. Eyni zamanda məhkəmə prosesi hələ davam edir və biz Beynəlxalq Ədalət Məhkəməsinin sonda ədalətli qərar verəcəyinə inanırıq.
- Diasporumuz Azərbaycanın ədalətli mövqeyini necə təbliğ edir?
Azərbaycan rəsmi dövlət səviyyəsində Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib və hazırda proses gedir. Bu öz yeridə. Bəs Azərbaycanın haqlı mövqeyinin təbliğində xaricdəki Azərbaycan diaspor təşkilatları lazımi rol oynaya bilirmi?
İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri Samir Adıgözəlli hesab edir ki, bu məsələdə xaricdəki Azərbaycan diaspor təşkilatlarının üzərinə böyük yük düşür. “Ermənistan Azərbaycan ərazilərini 30 ilə yaxın bir müddətdə işğalda saxlayıb, işğal dövründə ərazilərimizdə misli görünməmiş cinayətlər törədib. Eyni zamanda dinc, mülki əhaliyə, tarixi abidələrimizə, yaşayış məskənlərimizə qarşı vandalizm aktları törədib, insanlıq əleyhinə cinayətlər işlədib. O bu cinayətlərin hamısına bir-bir cavab verməlidir. Ermənistan həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi zamanı beynəlxaql hüquq normalarını, müharibə qanunlarını kobud şəkildə pozub. Azərbaycan tərəf Ermənistanın cinayətləri ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Ermənistanın bütün cinayətlərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməsi üçün Azərbaycan dövləti, Azərbaycan Xarici İşlər Nazirliyi çox ciddi iş aparır. Əlbəttə, bu təkcə dövlətin üzərinə düşən iş deyil, bütövlükdə xalq olaraq hamımız bu prosesdə iştirak etməliyik. Biz Azərbaycan xalqı olaraq dünyanın harasında yaşamağımızdan asılı olmayaraq bu işdə aktiv olmalıyıq. Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən birmənalı olaraq qəbul edilməsi və Ermənistanın ədalət məhkəməsində diz çökdürülməsi dünya azərbaycanlılarının da, diaspor təşçkilatlarımızın da ən böyük arzusudur. Bu məsələ onları da ciddi şəkildə yaxından maraqlandırır. Çünki xalq olaraq bu bizim davamızdı və heç kəs özünü bu davadan kənarda hesab etmir”.
- “Hər kəs Azərbaycanın ədalətli mövqeyinin təbliğində mühüm rol oynamalıdır”
S.Adıgözəllinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə, xüsusilə də son 30 ildə həyata keçirdiyi vandalizm aktlarına beynəlxalq məhkəmənin ədalətli qərar verməsi üçün xaricdəki diaspor təşkilatları da, dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlılar da yaşadıqları ölkələrdə ciddi fəaliyyət göstərməli, təbliğat işi aparmalıdır. S.Adıgözəllinin fikrincə, 44 günlük Vətən müharibəsində milli birliyə nail olduq və bu birliyi əbədi olaraq qorumalıyıq, birliyimiz sarsılmamalıdır. “Necə ki, 44 günlük Vətən savaşında həm daxildə, həm də xaricdə bütün azərbaycanlılar birləşmişdi və gücümüzü bir yerə qoymuşduq, indi də elə olmalıyıq. Heç kəs özünü bu mübarizədən kənarda saymamalıdır və hər kəs Azərbaycanın ədalətli mövqeyinin təbliğində mühüm rol oynamalıdır. Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının birliyi bir sistem halına gəldi və erməni lobbisinə qarşı mübarizədə, erməni saxtakarlığının yayılmasının qarşısının alınması istiqamətində sistemli mübarizə mexanizmi ortaya qoyuldu. Bu gün də belə olmalı və heç kəs bunu unutmamalıdır. İndi də mübarizə gedir və daha gərgin şəkildə gedən mübarizə diplomatiya sahəsində, informasiya müstəvisində davam edir. Beynəlxalq təşkilatlarda, beynəlxalq görüşlərdə, beynəlxalq tribunalarda, dünya mediasında gedir bu müharibə. Cənab Prezidentin Brüssel səfəri bu mübarizənin böyük və mühüm hissələrindən biri idi. Brüssel səfərindən də cənab Prezident uğurla ayrıldı və ölkəmizə, xalqımıza uğur bəxş etdi. Bu aparılan sistematik mübarizənin nəticəsinin nümunəsdir və bu məsələdə xaricdəki Azərbaycan disporunun üzərinə böyük iş düşür. Xaricədəki soydaşlarımızın, Azərbaycan cəmiyyətlərinin, təşkilatlarının aktivliyinin artırılmasına ciddiehtiyac var. Ona görə ki, onların üzərinə böyük və məsuliyyətli iş düşür”.
- “Azərbaycan diasporu Türkiyə diasporu ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidir”
S.Adıgözəlli deyir ki, Beynəlxalq Ədalət Məhkəməsində davam edən proseslərdən sonra xaricdəki diaspor təşkilatları, lobbiçiləri daha da aktivləşiblər. Ermənistanın müharibədə düçar olduğu məğlubiyyətdən sonra uzun müddət susan erməni diaspor təşkilatlarının artıq dirçəlməyə başladığını deyən müsahibimiz hesab edir ki, Azərbaycan diaspor təşkilatları və soydaşlarımız ayıqlıqlarını itirməməlidir. “Artıq erməni diaspor təşkilatları yenidən öz çirkin və məkrli niyyətlərini Azərbaycana qarşı yönəltmək üçün ciddi fəaliyyətə başlayıblar. Təbii ki, məhkəmə prosesi boyunca da onlar daha da aktivləşəcək, daha çox iyrənc davranışlar sərgiləyəcəklər. Buna qarşı diasporumuz hazırlıqlı olmalıdır və ayıqlığını itirməməlidir. Bizim diaspor təşkilatlarımız indi daha çox bu məsələyə kilidlənməlidir ki, erməni diasporunun yalanlarına imkan vermək olmaz. Diaspor təşkilatlarımız Azərbaycanın ədalətli mövqeyini daha çox təbliğ etməlidir ki, erməni diasporunun təxribatları iflasa uğrasın. Məhkəmə prosesinin davam etdiyi bir vaxtda diasporumuz erməni diasporunun çirkin təbliğatının, saxtakarlığının qarşısını almaq üçün indidəndən hərəkətə keçməlidir. Xaricdəki diaspor təşkilatlarımızın fəaliyyəti indiki məqamda daha çox əlaqələndirilməlidir. İndi Azərbaycan diasporu Türkiyə diasporu ilə birgə əlaqəli şəkildə fəaliyyət göstərməlidir. Bu məsələdə isə Diaspor üzrə Dövlət Komitəsinin üzərinə çox böyük iş düşür. Mən inanıram ki, bizim diasporumuz Ermənistanla bağlı Ədalət Məhkəməsində proses getdiyi bir vaxtda daha aktiv olacaq. Çünki diaporumuz bilir ki, erməni yalanlarına qarşı bu gün daha böyük mübarizə aparılmalıdır”.
S.Adıgözəllinin sözlərinə görə, ölkə başçısının Brüssel səfəri zamanı Belçikada yaşayan azərbaycanlılar tərəfindən təntənə və sevinclə qarşılanması deməyə əsas verir ki, diasporumuz və soydaşlarımız Azərbaycanın ədalətli mövqeyinin yanındadır və bunu təbliğ etməyə başlayıb…
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.