Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Baş Prokurorluğun açdığı bu cinayət işi bir sıra şəxsləri əhatə edəcək, o cümlədən də Əbülfəs Qarayevi”

Mətbuatda gedən məlumatlara görə, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin dövründəki yeyintilərə bağlı cinayət işi açılıb. Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb.

Baş Prokurorluqdan “Report”a verilən məlumata görə, müəyyən edilib ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə “Rəqəmli Dövr” MMC arasında bağlanmış müqavilə üzrə Nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə qeyd edilən Cəmiyyətə 14 noyabr 2018-ci il tarixdə külli miqdarda ödəniş edilib.

Habelə ölkədə keçirilmiş ticarət festivalları (“Şoppinq festival”) üzrə icraçı müəssisə olan “Azərbaycan Konqreslər Bürosu” MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə Nazirlik tərəfindən qeyd edilən Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib.

Bundan əlavə, araşdırmalarla nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Qeyd edək ki, sözügedən hadisələr Əbülfəs Qarayev mədəniyyət və turizm naziri olarkən baş verib.

  • “Bu sahəyə ayrılan dövlət vəsaitinin talanması prosesinin başında da keçmiş nazir Əbülfəs Qarayev dayanıb”

İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin (İSBAM) rəhbəri, siyasi şərhçi Samir Adıgözəlli bizimlə söhbətində bildirdi ki, aidiyyatı qurumlar tərəfindən ən müxtəlif təşkilatların əvvəlki rəhbərliyi dövründə baş verən qanunsuzluqların araşdırılması və məsələlərə hüquqi qiymət verilməsi istiqamətində görülən işlər çox yaxşı nəticələr verir, illərlə üstü bağlı qalan cinayətlər üzə çıxarılır. S.Adıgözəlli hesab edir ki, keçmiş mədəniyyət nazirinin dövründə mədəniyyət sferasında da bir sıra qanunsuzluqlar baş verib. Bu qanunsuzluqlara görə, indiyə qədər həbs edilənlər də var. “Əbülfəs Qarayevin dövründə baş verən maliyə yeyintilərinin üstü açıldıqca ortaya yeni faktlar çıxır. Hesablama Palatası tərəfindən vaxtilə Mədəniyyət və Turizm Nazirliyinə turzimin inkişafı üçün dövlət büdcəsindən ayrılan böyük bir məbləğin icrası zamanı yol verilən yeyinti faktları üzə çıxarılıb. Bu sahəyə ayrılan büdcənin hansı məqsədlər üçün xərcləndiyi yəqin ki, cinayət işində öz əksini tapacaq. Məsələ budur ki, büdcə nəzərdə tutulan istiqamətə yönləndirilməyib. Ümumiyyətlə, turizm biznes strukturudur. Bu sahənin inkişaf etdirilməsi üçün ölkə başçısı ortaya iradə qoyub, bu sahənin pioritet olduğunu dəfələrlə vurğulayıb. Azərbaycanda xarici turistlərin cəlb edilməsi ilə bağlı proqramlar, layihələr işlənib hazırlansa da, görükən odur ki, bu istiqamətdə nəinki ciddi, heç orta səviyyəli bir iş də görülməyib. Yəni bütün proses göz qabağındadır. Ölkəmizdə turizmin inkişafı üçün kifayət qədər münbit şərait olsa da, amma təəssülər olsun ki, bu sahəyə rəhbərlik edən qurum və şəxslər, onun məsuliyyətini daşıyan insanlar bu vəsaiti öz şəxsi məqsədləri üçün xərcləyiblər. Bu kiçik vəsait deyil, böyük vəsaitdir, ona görə də, Baş Prokurorluq tərəfindən cinayət işi açılıb. Bu vəsait mənimsənilib, talanıb. Bu sahəyə ayrılan dövlət vəsaitinin talanması prosesinin başında da keçmiş nazir Əbülfəs Qarayev dayanıb. Ona görə də, hesab edirəm ki, Əbülfəs Qarayevin özünə də cinayət işi açıla bilər, böyük ehtimalla açılacaqdır. Ümumiyyətlə, Prezidentin etimadını doğrultmayan, dövlətin ayırdığı büdcəyə, vəsaitə talançılıqla yanaşan istənilən indiki və keçmiş məmur ağır şəkildə cəzalandırılmalıdır. Fikrimcə, Baş Prokurorluğun açdığı bu cinayət işi bir sıra şəxsləri əhatə edəcək, o cümlədən də Əbülfəs Qarayevi. Heç kəs məsuliyyətdən yaxa qurtara bilməyəcək” – deyə S.Adıgözəlli qeyd etdi.

S.Adıgözəlli əlavə etdi ki, hələ Ə.Qarayevin sabiq müavini Rafiq Bayramovun və Mədəniyyət Nazirliyinin keçmiş vəzifəli şəxslərinin məhkəməsi də davam edir, nə bu proses, nə də Baş Prokurorluğun qaldırdığı cinayət işi Qarayevin xeyrinə olmayacaq.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …