Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “…Bizə qardaş ölkələr sayılan Orta Asiya respublikalarının parlamentlərinin Xocalı soyqırımını tanımaması təəccüb və təəssüf doğurur

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə və Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşlərində bu ölkənin parlamentini Xocalı soyqırımını tanımağa çağırıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən məlumata görə, Milli Məclisin sədri qarşıdan 30-cu ildönümü gələn Xocalı soyqırımı barədə həmkarına ətraflı məlumat verib və diqqətə çatdırıb ki, bəzi beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələrinin parlamentləri bu faciəni soyqırım kimi tanıyıb.

Xocalı soyqırımından az qala 30 il keçməsinə baxmayaraq, indiyə qədər orta Asiya ölkələrinin Xocalı soyqırımını tanımaması hansı amillərlə bağldır? Bizim həmin ölkələrdəki səfirliklərimiz və diasporumuz bu istiqamətdə zəif fəaliyyət göstərib ki, hələ Xocalı soyqırım tanınmayıb?

  • “İnanıram ki, bu çağırışdan sonra tezliklə Qazaxıstan və digər türkdilli respublikaların parlamentləri…”

İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, burada həm Rusiya təsirləri, həm də bizim səfirlik və diasporumuzun günahı var, çünki əllərindəki imkanlardan yararlanmayıblar: “Milli Məclisin sədri Sahibə Qafarova olduqca vacib bir məsələni aktuallaşdırıb. Doğrudan da indiyə qədər bizə qardaş ölkələr sayılan Orta Asiya respublikalarının parlamentlərinin Xocalı soyqırımını tanımaması təəccüb və təəssüf doğurur. Tarixi köklərlə bağlı olduğumuz digər türk xalqları ilə müxtəlif təşkilatlarda, Türk Şurasında və sairdə bir araya gəlməyimiz, türk birliyinin möhkəmlənməsinə göstərdiyimiz birgə səylər müsbətdir, amma etiraf edək ki, çox zaman bir-birinin dərdinə elə də yanğı ilə yanaşmırlar. Gələn il Xocalı soyqırımının 30 ili tamam olur, amma çox təəssüflər olsun ki, Orta Asiya ölkələrində bu faciə ilə bağlı hər hansı bir rəsmi yanaşma sərgilənməyib, sənəd qəbul edilməyib. Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, Özbəkistanın parlamentlərinin hələ də Xocalı faciəsini soyqırım kimi tanımamasının səbəblərindən biri Rusiya amilidirsə, o biri səbəblər əsasən bizim həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizin və diasporumuzun bu istiqamətdə fəaliyyətinin zəif olması ilə bağlıdır. Sirr deyil ki, Xarici İşlər Nazirliyinin keçmiş rəhbərliyinin dövründə xaricdə fəaliyyət göstərən səfirliklərə, diplomatik korpuslara ayrılan vəsaitlər Azərbaycan dövlətlərin maraqlarının təmin edilməsinə, Azərbaycanın təbliğatına xərclənmirdi. Bu faktdır. Əgər zamanında səfirliklər və diaspor təşkilatlatları bu istiqamətdə məqsədyönlü işlər aparsaydı vəziyyət bu şəkildə olmazdı. Bu bir-iki tədbir keçirməklə həll olunası iş deyil, burada güclü işlər görülməlidir.

Gizlin deyil ki, Orta Asiya türk dövlətləri müəyyən qədər hələ də Rusiyanın təsiri altındadır. Bu məsələdə də Rusiya amili nəzərə alınmalıdır. Bu səbəbdən də onlar Xocalı soyqırımını hələ də tanımayıblar”.

S.Adıgözəlli vurğuladı ki, amma Azərbaycan Milli Məclisinin sədrinin Qazaxıstanda etdiyi çağırış mütləq dərəcədə bu işdə dönüş yaranmasına səbəb olacaq. O, həmçinin hesab edir ki, Azərbaycanın və Türkiyənin bölgədə mövqeyinin güclənməsi Orta Asiya ölkələrinin və digər türkdilli xalqların, respublikaların həyatında, mövqeyində dəyişiklik yaradacaq: “Azərbaycanın 44 günlük müharibədə zəfər qazanması, həmçinin Azərbaycanla  Türkiyənin bölgədə güclənməsi, söz sahibi olması digər türkdilli ölkələrə də təsirsiz ötüşməyəcək. Xüsusən də Orta Asiya ölkələrinin Rusiyanın təsirindən çıxmasına şərait yaradacaq. Hesab edirəm ki, həm bu amillər nəticəsində, həm də Sahibə Qafarovanın çağırışından sonra bu məsələdə ciddi dönüş olacaq. O ölkələr düşünəcəklər ki, Azərbaycan bizim qardaşımızdır və Xocalı soyqırımını tanımalıyıq, qardaş ölkə  bizim dəstəyimizi hiss etməlidir. İnanıram ki, bu çağırışdan sonra tezliklə Qazaxıstan və digər türkdilli respublikaların parlamentləri Xocalı soyıqrımını tanımaqla bağlı qərar qəbul edəcək”.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …