Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli : “Biz erməni lobbisinin sifarişi və maliyyəsi hesabına britaniyalı muzdlu rejissorun çəkdiyi təxrubatçı filmdən və onun “Oskar”a namizəd kimi təsdiqlənməsindən ciddi nəticə çıxarmalıyıq”

Erməni lobbisinə satılmış britaniyalı rejissorun saxta “Arsax kinosu” Oskar namizədliyində…

“Azərbaycanda fəaliyyət göstərən “Oskar” komissiyası Amerika Kino Akademiyasına -“Oskar”ın təşkilat komitəsinə etiraz məktubu ünvanlamalıdır…”

Xaricdəki erməni lobbisi nə durur, nə dayanır. Necə deyərlər, axar su yatsa da düşmən yatmır. Azərbaycanın 44 günlük müharibədə qələbə qazanması və beynəlxalq hüquq çərçivəsində tanınmış ərazilərini işğaldan azad etməsi, ayrılmaz parçası olan Xankəndidə, Xocalıda, Xocavənddə öz hakimiyyətini bərpa etməyə hazırlaşması, separatçılarla yanaşı, xaricdəki erməni lobbisini də ciddi narahat edir.

Eyni zamanda son bir ildə Azərbaycanın diplomatiya sahəsində qazandığı uğurlar da xaricdəki erməni lobbisinin yuxusunu ərşə çəkib. Bu da onların Azərbaycanın ərazi btövlüyünə xələl gətirmək istiqamətində yeni təxribatlara başlamasına səbəb olub.

Erməni lobbisinin son dövrlər həyata keçirdiyi təxribatların ilk sırasında “Arsax”la bağlı sənədli və bədii filmlərin çəkilməsi dayanır ki, artıq bir neçə təxribatçı, yalanı təbliğ edən bədii və sənədli film çəkilib, hətta onlar arasında müxtəlif kateqoriyalı xarici film festivallarına çıxarılan, ödül qazandırılan filmlər də olub. Erməni lobbisi öz təxribatlarına xarici rejissorları da qoşa bilib. Belə ki, britaniyalı rejissorun çəkdiyi “Arsax müharibəsindən” bəhs edən və “45 Gün: Millət uğrunda mübarizə” adı verdiyi sənədli filmi Oskar mükafatına namizəd seçilib.

Bu barədə britaniyalı sənədli film rejissoru, Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessen Twitter mikrobloqunda yazıb. Qeyd edib ki, filmi “Ən Yaxşı Sənədli Film” nominasiyasında Oskar mükafatına namizəddir. Britaniyalı rejissor qeyd edib ki,  2020-ci ildə Qarabağ müharibəsi zamanı “Arsaxda” işləyib. Guya film “Artsax və Azərbaycan arasında son müharibə zamanı insan hekayələrindən bəhs edir”.

Filimin müəllifi deyib ki, 2020 ci ildə “Arsax”la  bağlı dünyada “dezinformasiya” yayılırdı, guya buna görə də gedib “Arsax” sakinlərini danışdırıb, “Arsax xalqının harayını dünyaya çatdırıb”.

Bu adamın müharibə dövründə separatçıların yanında olması və orada çəkilişlər aparması onu göstərir ki, o bu cəfəng filmi xaricdəki erməni lobbisinin sifarişi ilə çəkib,  ora da muzdlu kimi gəlib. Gördüyümüz kimi, erməni lobbisi rahat durmur və mütəmadi olaraq bizə qarşı təxribatla məşğul olurlar. Bunlardan biri də, dediyimiz kimi, “Arsax”la bağlı sənədli filmin çəkilərək “Oskar”a namizəd seçilməsinə nail olmalarıdır.

  • “Biz erməni lobbisinin sifarişi və maliyyəsi hesabına britaniyalı muzdlu rejissorun çəkdiyi təxrubatçı filmdən və onun “Oskar”a namizəd kimi təsdiqlənməsindən ciddi nəticə çıxarmalıyıq”

İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, xaricdəki erməni lobbisinin bu kimi təxribatlarına qarşı Azərbaycan diasporu barışmaz mübarizə aparmalıdır. Bunun mədəniyyət məsələsindən daha çox siyasi məsələ olduğunu deyən S.Adıgözəlli hesab edir ki, britaniyalı muzdlu rejissorun uydurmalar əsasında belə bir sənədli film çəkməsi Azərbaycana qarşı təxribatdır. “Britaniyalı rejissorun muzdlu olduğu və onun erməni lobbisinin sifarişlərini yerinə yetirdiyi gizlin deyil. Belə bir qondarma mövzuda sənədli film çəkilməsi və onun “Oskar”a namizəd kimi təqdiqlənməsi Azərbaycana qarşı böyük təxribatdır. Bu həm də bizə növbəti hörmətsizlikdir, faktların təhrif olunmasıdır. Faktiki olaraq 44 günlük müharibədə, Azərbaycanın haqlı mübarizəsi zamanı Ermənistan ordusu darmadağın edildi, separatçı rejimin külü göyə sovruldu. Bu gün müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə yaşayan sadə ermənilər və erməni separatçıları yaxşı bilirlər ki, yaşadıqları ərazi Azərbaycan ərazisidir, gec-tez onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Bunu xaricdəki erməni lobbisi də yaxşı bilir. Amma “mübarizə”dən qalmır və belə təxribatçı filmlər çəkdirib onları “Oskar”, “Kann” kimi beynəlxalq festivallara daşıyırlar. Xaricdəki erməni lobbisinin fəaliyyətinə diqqət yetirməliyik ki, separatçılar reallıqla barışmağa başlasalar da, erməni lobbisi barışmaq istəmir. Britaniyalı rejissorun çəkdiyi təxribatçı filmi adi bir film, mədəniyyət məsələsi kimi qəbul edə bilmərik, bu, erməni lobbisinin informasiya və ideoloji mübarizədə “silahı yerə qoymadığı”nın, təxribatlarını davam etdirdiyinin göstəricisdir. Bu bizə qarşı beynəlxalq səviyyədə törədilən növbəti təxribatdır. Erməni lobbisi bizə qarşı təxribatları yalnız siyasi müstəvidə aparmır, bu cür filmlərlə, mədəniyyət layihələri ilə də aparır.  Onlar Azərbaycana qarşı bütün imkanlardan istifadə edirlər”.

S.Adıgözəllinin sözlərinə görə, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da “Oskar” komissiyası fəaliyyət göstərir, həmin komissiyanın üzvləri operativ şəkildə Amerika Kino Akademiyasına müraciət etməli və təxribatçı sənədli filmi namizədlər siyahısından çıxarmağa nail olmalıdır. “Biz belə məsələlərə reaksiya verməkdə, onun həllinə nail olmaqda çox gecikirik. Hesab edirəm ki, operativ olmalıyıq. Xüsusən də kino ilə məşğul olan təşkilatlar əllərini əllərinin üstünə qoyub dayanmamalıdır. Azərbaycanda fəaliyyət göstərən “Oskar” komissiyası Amerika Kino Akademiyasına -“Oskar”ın təşkilat komitəsinə etiraz məktubu ünvanlamalıdır və sözügedən filmin adının namizədlər siyahısından çıxarılmasına nail olmalıdır. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, biz 44 günlük müharibədə qazandığımız zəfərlə bağlı çoxlu filmlər çəkməliyik və onları beynəlxalq müstəvinə təqdim etməliyik. Erməni lobbisinin yanlış təbliğatını haqlı mübarizəmiz uğrunda qazandığımız Zəfərə həsr edilən filmlərlə ifşa edə bilərik… Amma indiki halda erməni lobbisi Azərbaycana qarşı həyasızlığını davam etdirir. Biz erməni lobbisinin sifarişi və maliyyəsi hesabına britaniyalı muzdlu rejissorun çəkdiyi təxrubatçı filmdən və onun “Oskar”a namizəd kimi təsdiqləməsindən ciddi nəticə çıxarmalıyıq. QHT-lərin fəaliyyəti zəiflədilməməli, əksinə güclənləndirilməlidir, xaricə çıxan QHT-lərin, mədəniyyət qurumlarının fəaliyyəti genişləndirilməlidir. Dünən İTV-də Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən hazırlanan “Biz” filminin nümayişini gördüm. Bu film birbaşa Arzu Əliyevanın təşəbbüsü ilə çəkilib. Bu filmin müxtəlif dillərə tərcümə edilərək yayılması, “Oskar”a və başqa mükafatlara təqdim edilməsi vacibdir”-deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …