Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Samir Adıgözəlli: “Bizim bir gözümüz suverenliyimizlə bağlı sevincli, digər gözümüz isə şəhidlərə görə kədərli olmalıdır”

Sumqayıtın Şəhidlər xiyabanında şəhid polis əməkdaşı Ramil Şirinovun dəfni zamanı xoşagəlməz anlar yaşanıb. Belə ki, iş adamı, şəhərdə fəaliyyət göstərən “Qartal” tikinti və mühafizə firmasının rəhbəri Şahin Məmmədov şəhidin dəfnində açılan yaylım atəşi altında qəhqəhə çəkib.

Sosial şəbəkələrdə yayılan məlum görüntülər hiddət doğurub və əslən Laçından olan iş adamının ünvanına sərt tənqidlər səsləndirilib.

Xatırladaq ki, polis əməkdaşı Ramil Şirinov sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olub.

“Sumqayıtda şəhidin dəfni zamanı iş adamı, yaşlı bir şəxsin qəhqəhə çəkib gülməsi qətiyyən normal qarşılana bilməz, bu mövzuda səslənən tənqidlər yerində edilib”

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu cür hadisələrin baş verməsi çox üzücüdür: “Bu kimi faktlar göstərir ki, biz hələ şəhid dəfni və digər mərasimlərə hazır toplum deyilik. Bir qisim insanların heç nə baş verməmiş kimi davranması yaxşı hal deyil. Şəhidin olması haqqında xəbər insanın ürəyini param-parça edir. Nəzərə almaq lazımdır ki, bu ümumilli məsələdir. Ümummili məsələdə hər kəs bir olmalı, bir yumruq kimi birləşməlidir. 44 günlük Vətən müharibəsində biz millət olaraq birliyimizi ortaya qoyduq. Ancaq Sumqayıtda şəhidin dəfni zamanı iş adamı, yaşlı bir şəxsin qəhqəhə çəkib gülməsi qətiyyən normal qarşılana bilməz. Bu mövzuda səslənən tənqidlər yerində edilib. O şəxsin nə səbəbdən gülməsi önəmli deyil. Səbəb nə olursa-olsun insan özünü cilovlamağı bacarmalıdır. Çünki o şəxs şəhid dəfnində iştirak edirdi”.

S.Adıgözəlli onu da əlavə etdi ki, Azərbaycan cəmiyyəti tarixi bir dövr yaşayır. 30 ildən artıq idi ki, suverenlik uğrunda mübarizə aparırdıq: “Torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası yolunda övladlarımız şəhid oldu. Belə bir ərəfədə insanlar addımlarına, hərəkətlərinə, danışdıqlarına fikir verməlidir. Bizim bir gözümüz suverenliyimizin bərpası ilə bağlı sevincli, digər gözümüz isə şəhidlərə görə kədərli olmalıdır. Torpaqlarımızın azadlığına görə sevinirik, ancaq şəhidlərimizi, anaları unutmamalıyıq. Bu səbəbdən də həmin mərasimlərdə iştirak edən şəxslər özlərini cilovlamağı bacarmalıdır. Bacara bilmirlərsə gəlməsinlər. Onlara heç kim heç nə deyən deyil. Ancaq şəhid dəfnində qəhqəhə çəkib gülmək olmaz. Bu, şəhidlərimizə, torpağımıza, dövlətimizə, onların ailələrinə hörmətsizlikdir”.

Günel CƏLİLOVA

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …