Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Bu mənimsəmələrə birbaşa Əbülfəs Qarayev rəhbərlik edib”

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun əməlləri ilə bağlı detallar açıqlanıb. Yerli KİV-lərin yaydığı məlumatlara görə, Z.Sultanov istintaqa ifadəsində deyib ki, aldığı rüşvətin böyük əksəriyyətini sabiq nazir Əbülfəs Qarayevə verib. 

Belə ki, Z.Sultanov mədəniyyət abidələri və binalarının təmir-tikintisi üçün tenderdə qalib olmaq istəyən şirkətlərdən pul aldığını deyib və bildirib ki, aldığı pulları keçmiş nazirin xidməti otağında ona şəxsən təqdim edib. Z.Sultanovun ifadələrinə əsasən, Ə.Qarayevə verdiyi pulların ümumi məbləği 2,5 milyon manatdan çox olub.

Mətbuatda məhkəmə materiallarına əsasən, Zakir Sultanovun Əbülfəs Qarayevə xidməti otağında verdiyi pulların məbləği epizodlar üzrə təqdim edilib:

– 2018-ci ildə layihənin həyata keçirilməsinə şərait yaradılması üçün podratçı şirkətdən aldığı 900 min manatdan 700 min manatı;

– Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə görə icraçı şirkətdən aldığı 533 min manat, Tovuz rayonu Mədəniyyət evinin təmir-tikintisini həyata keçirəcək icraçı şirkətdən aldığı 218 min manat, beləliklə iki layihə üçün ümumilkdə aldığı 751 min manatdan 600 min manatı;

 – Masallı rayon Mədəniyyət evində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 300 min manatdan 240 min manatı;

 – Lənkəran rayonu Mirəhməd xanın evində təmir işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 200 min manatdan 160 min manatı;

 – Bərdə şəhərində Allah-Allah türbəsinin təmir-bərpa və konservasiya işlərinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 450 min manatın 360 min manatı;

 – Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin həyata keçirilməsi ilə əlaqədar icraçı şirkətdən aldığı 80 min manatdan 60 min manatı;

 – 2014-cü ildə isə daha bir layihə üzrə bağlanmış müqaviləyə əsasən icraçı şirkətdən aldığı 240 min manatdan 192 min manatı;

 – Bakı şəhəri, Müslüm Maqomayev adına 26 saylı musiqi məktəbinin əsaslı təmir layihəsi üçün aldığı 7 min manat, Fikrət Əmirov adına uşaq incəsənət məktəbinin təmir layihəsi üçün aldığı 10 min 400 manat, Səbail rayonu, Bibiheybət qəsəbəsi Mədəniyyət evinin təmir layihəsi üçün aldığı 7 min 700 manat, Bakı Turizm peşə məktəbi binasının əsaslı təmiri layihəsi üçün aldığı 6 min manat, Sabirabad rayonu Mədəniyyət evinin əsaslı təmir layihəsi üçün aldığı 28 min 550 manat, Bərdə şəhəri Mədəniyyət Mərkəzi binasının tikinti layihəsi üçün 21 min 500 manat, Dram Teatrı binasının əsaslı təmiri layihəsi üçün aldığı 20 min 250 manat, Tovuz rayonu Mədəniyyət evinin əsaslı təmir layihəsi üçün aldığı 17 min 800 manat, Nərimanov rayonu 21 saylı musiqi məktəbinin əsaslı təmir və texniki təchizat layihəsi üçün aldığı 24 min 300 manat, Xəzər rayonu, Şağan qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizat layihəsi üçün aldığı 21 min 250 manat, Maştağa qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizat layihəsi üçün aldığı 21 min 300 manat, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizat layihəsi üçün aldığı 19 min 300 manat,  Dərbənd şəhərində Azərbaycan Mədəniyyət Evinin yeni binasının tikinti layihəsi üçün aldığı 50 min 600 manat (bu epizodlar üzrə bütün pullar eyni podratçı şirkətdən alınıb), ümumilikdə aldığı 255 min 950 manatdan 200 min manatı.

Xatırladaq ki, məhkəmə istintaqı dövründə Zakir Sultanov Əbülfəs Qarayevin məhkəməyə çağırılıb dindirilməsini tələb etsə də, vəsatət təmin olunmamışdı. Z.Sultanov törətdiyi əməllər üzrə dövlətə vurduğu 5,3 milyon manat zərərin hamısını ödəyib.

Z.Sultanovun ifadəsində yer alan bu rəqəmlər, onun sabiq nazirə verdiyi vəsaitin məbləği ictimaiyyətdə ciddi müzakirə edilir. Xüsusən də Bərdə türbəsinə dövlət büdcəsindən ayrılan 450 min manatın 360 min manatının sabiq nazirə verilməsi daha çox tənqid edilir.

Məlum olduğu kimi Z.Sultanovun dəfələrlə sabiq nazirin adını çəkməsinə və onun məhkəməyə dəvət edilməsini tələb etməsinə baxmayaraq Ə.Qarayev bir dəfə də olsun məhkəməyə dəvət edilməyib.

Məsələni şərh edən İSBAM sədri, politoloq Samir Adıgözəlli bizimlə söhbətində təəssüflə qeyd etdi ki, bəzi sabiq məmurlar müxtəlif vasitələrlə ya istintaqdan yayınıb, ya da məqsədli şəkildə yayındırılıb. S.Adıgözəlli qeyd etdi ki, Sultanovun mətbuatda dərc olunan ifadələrini oxuyanda adam dəhşətə gəlir. “Burada elə rəqəmlər səsləndirilib ki, adam məəttəl qalır. Adları çəkilən mədəniyyət evlərinin, türbələrin, başqa obyektlərin təmir-bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitin bu şəkildə mənimsənilməsi dəhşətdir. Söhbət çox böyük məbləğdə rüşvət faktlarından gedirsə, birmənalı olaraq sabiq mədəniyyət naziri dindirilməli idi. Bilirsiz ki, o zaman Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində nazirin müavini, Dövlət Xidməti rəisi həbs edildi. Təəssüflər olsun ki, bir dəfə də olsun Əbülfəs Qarayev istintaqa dəvət edilmədi. Baxmayaraq ki, həm sabiq nazir müavini Rafiq Bayramov, həm də Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov öz ifadələrində işlədikləri cinayətlərdən Əbülfəs Qarayevin xəbəri olduğunu və ona rüşvət verdiklərini qeyd ediblər. Zakir Sultanovun Əbülfəs Qarayevə verdiyi pulun məbləği çox böyükdür. Burada söhbət təkcə maliyyə yeyintisindən, büdcə talamaqdan getmir, həm də dövlət maraqlarına xəyanətdən gedir. 2,5 milyon manat az  pul deyil ki. Bu qədər vəsaitin mənimsənilməsinə göz yummaq olmaz və sabiq nazirin də məhkəməyə dəvət edilməsi, ifadəsinin alınması vacibdir. Cənab Prezident həmişə deyir ki, hamı qanun qarşısında bərabərdir, heç kəs qanunlardan üstün deyil. Əbülfəs Qarayev 20 ildən artıq bu ölkədə nazir vəzifəsində işləyib. Ortaya çıxan rəqəmlərdən belə nəticəyə gəlmək olar ki, 25-30 ilə yaxın nazir olan bir adam vəzifədə işlədiyi müddətdə az mənimsəməyə yol verməyib. Necə ola bilər ki, onun tabeliyində olan işçilər böyük məbləğdə rüşvət alır, saxta tenderlər keçirir, külli miqdarda vəsait mənimsəyir, amma bundan nazirin xəbəri olmur. Bu yalan işdir. Zakir Sultanov açıq şəkildə Əbülfəs Qarayevə verdiyi rüşvətin məbləğini açıqlayıb. Ortada bu qədər vəsait yeyilib. Bir tərəfdən medianın araşdırmaları, başqa tərəfdən istintaq materialları ortaya elə faktlar çıxarır ki, adam məəttəl qalır. Qızı Suad Qarayevanın, həyat yoldaşı Lalə Kazımovanın Londondakı biznesləri, başqa xarici ölkələrdə olan obyektləri, malikanələri ortaya çıxarılıb. Bunlar çox ciddi faktlardır və fikrimcə, dövlət qurumları bu məsələ ilə məşğul olmalıdır. Əbülfəs Qarayevin istintaqa cəlb olunmaması mənfi haldır və prosesin tam sonuna qədər Qarayev istintaqa cəlb olunmayacaqsa bu çox böyük ədalətsizlik olacaq. Çünki bu mənimsəmələrə birbaşa Əbülfəs Qarayev rəhbərlik edib. Bu hadisələr Əbülfəs Qarayevin göstərişi ilə baş verib. Zakir Sultanov kimdir ki, özbaşına bu qədər rüşvət alsın. Sultanov hər şeyi öz ifadələrində açıq göstərir. Zakir Sultanov etiraf edib ki, o böyük məbləğdə vəsaiti sabiq nazirə onun öz kabinetində verib. Əbülfəs Qarayevin indiyə qədər istintaqa cəlb olunmamasının bəlkə bizim bilmədiyimiz səbəbləri var. Təbii ki, buna aydınlıq gətirilməlidir”.

S.Adıgözəllinin fikrincə, Qarayev bu ifadələrdən sonra da istintaqa cəlb edilməyəcəksə, onda belə qənaətə gəlmə olar ki, onun arxasında hansısa xarici qüvvələr dayanır və onu istintaqdan yayındırır. S.Adıgözəlli hesab edir ki, gec-tez Qarayev də etdiklərinə görə cavab verməlidir və verəcək də, çünki bu ölkədə heç kəs qanundan üstün deyil.

İradə SARIYEVA

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …