“Ermənistan dövləti, nəinki müharibədə həlak olanların ailəsinə yaşamaq üçün bir daxma vermir, heç bu kateqoriyadan olanları yaxına buraxmır, onlarla maraqlanmır”
“Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir”.
Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində bildirib.
Ölkə başçısı həmçinin deyib: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilməyib. Yəni bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar ilk növbədə dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır”.
”Bu baxımdan da Ermənistan heç vaxt Azərbaycanla müqayisə oluna bilməz”
İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda şəhid ailələri və müharibə veteranlarına qayğı siyasətinin təməli çox möhkəmdir və bu artıq bir ənənəyə çevrilib. S.Adıgözəlli qeyd edir ki, bu, Azərbaycan dövləti üçün vətəndaş amilinin hər şeydən üstün olduğunun göstəricisidir. “44 günlük Vətən müharibəsində Azərbaycanın itkisi az oldu, Ermənistan isə daha çox itki verdi. Bunun ölkə başçısının nitqində yer alması mühümdür. Azərbaycan dövləti mütəmadi olaraq şəhid ailələrinin, müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial rifah hallarının yüksəldilməsi üçün ən müxtəlif addımlar atır, onlar yeni mənzillərlə, avtomobillərlə təmin edilir. Cənab Prezidentin həyata keçirdiyi qayğı siyasəti bu kateqoriyadan olan bütün ailələri, şəxsləri əhatə edir, etməkdə də davam edir. Ölkəmizin hər yerində şəhid ailələri və müharibə veteranlarının mənzillə təmin olunması istiqamətində işlər görülüb, bu gün də görülməkdədir. İndiyə qədər bu kateqoriyadan olan minlərlə ailə mənzillə, avtomobillə təmin və hər cür qayğı ilə əhatə olunub”.
Ölkə başçısının məğlub Ermənistanın müharibədə həlak olanların ailələrinə və müharibə iştirakçılarına heç bir qayğı, diqqət göstərmədiyi barədə fikirlərinin fakt olduğunu deyən S.Adıgözəlli bildirdi ki, dövlət başçısı Ermənistan barədə ən dərin məlumatlara malikdir, bu ölkədə baş verən bütün prosesləri yaxşı bilir: “Bu onu göstərir ki, Azərbaycan dövləti, Prezidenti Ermənistanın içindən çox dərindən məlumatlıdır. Ermənistan cəmiyyətində bu müharibədən sonra itkilərlə bağlı çox ciddi çaxnaşma vardı. Bilirsiz ki, Ermənistan müharibədə həlak olanların və itkin düşənlərin sayını ciddi-cəhdlə gizlədir, həlak olanların ailələrinə məlumat vermək istəmir. Ermənistan dövləti, nəinki müharibədə həlak olanların ailəsinə yaşamaq üçün bir daxma vermir, heç bu kateqoriyadan olanları yaxına belə buraxmır, onlarla maraqlanmır. Müharibədə ölən, yaralanan erməni əsgərlərinin valideynləri, yaxınları dəfələrlə hökümətdən narazılıq ediblər ki, hökumət bizimlə maraqlanmır. Ümumiyyətlə, Ermənistanda bu sahədə də ciddi paşıpozuqluq var. Eyni zamanda da hökumətin başı daxili təlatümlərə qarışıb, heç nə qaydasında deyil, burada aləm qarışıb. Prezidentin mesajı onu göstərir ki, bundan sonra da Ermənistan, Azərbaycandan fərqli olaraq, müharibə iştirakçılarına, həlak olanların ailəsinə heç zaman qayğı göstərməyəcək. Əlbəttə, Ermənistanın iqtisadi-sosial imkanları, gücü yoxdur ki, narazı kütlənin qarşısına çıxa bilsin. Faktiki olaraq, Ermənistan dövləti tərəfindən müharibədə ölən heç bir zabit və əsgərin ailəsinin rifahı üçün addım atılmayıb, müharibə iştirakçıları da tamamilə unudulub. Azərbaycanda isə heç kəs yaddan çıxmır, heç kəs unudulmur, şəhid ailələri və qazilər üçün davamlı çoxşaxəli sosial proqramlar həyata keçirilir. Məğlub Ermənistanın isə müharibədə həlak olanların ailələri və müharibə iştirakçılarının sosial rifah halının yaxşılaşdırılması üçün heç bir proqramı yoxdur. Bu baxımdan da Ermənistan heç vaxt Azərbaycanla müqayisə oluna bilməz”.
S.Adıgözəllinin sözlərinə görə, çox ağır müharibədən yeni çıxmağımıza, qələbəmizin hələ 1 ilinin tamam olmamasına baxmayaraq, dövlət bu kateqoriyadan olan insanlar, ailələr üçün görün nə qədər ciddi sosial-iqtisadi proqramlar həyata keçirib. “Söhbət şəhid ailələrimiz və qazilərimizlə bağlı görülən işlərdən gedir. Cənab Prezident deyib ki, bir nəfərin də mənzil problemi olmayacaq. Bu istiqamətdə də, göründüyü kimi, Azərbaycan hökümətinin addımları özünü doğruldur. İstər qazilərimizin müalicəsi ilə bağlı “Yaşat” fondunun xəttilə aparılan işlər, istərsə də mənzil probleminin həlli ilə bağlı həyata keçirilən fəaliyyət həm Azərbaycanın dövlət başçısının verdiyi sözü tutmasını, həm də müharibədən çıxan dövlətimizin gücünü göstərir. Adətən müharibədən çıxan ölkə bu gücdə ola bilməz. Amma Azərbaycanın müharibədən sonra çevik toparlanması, şəhid ailələrinin və qazilərin sosial rifah halının yüksəldilməsi istiqamətində məqsədyönlü addımlar atması da dünya üçün yeni bir nümunədir” – deyə ekspert bildirdi.
İradə SARIYEVA