“Gədəbəydə baş verənlərə birinci rayonun deputatı münasibət bildirməli idi”
Azərbaycanın istənilən rayonunda, şəhərində hansısa bir insident, xoşagəlməz hadisə baş verirsə, bütün ölkə ayağa qalxsa da həmin rayonun, ərazinin deputatının səsi çıxmır. Deputat baş verənlərə ya iş-işdən keçəndən sonra reaksiya verir, ya da ümumiyyətlə susur. Çox nadir hallarda çətin məqamlarda deputatları seçiciləri ilə baş-başa görürük.
Götürək elə Gədəbəyin deputatı Sevinc Hüseynovanı. Hadisə baş verən zaman biz deputatın operativ reaksiyasını görmədik, açıqlamalarını oxumadıq. Artıq Gədəbəyin Söyüdlü kəndində baş verən hadisənin araşdırılması üçün dövlət komissiyası yaradılıb, orada ilkin rəylər var, operatv yanaşma sərgilənib, hadisənin baş verdiyi gün Daxili İşlər Nazirliyi də məlum olayla bağlı açıqlama verdi, məsələ nəzarətə götürülüb, nə qədər iş görülüb, amma millət vəkili bütün bunlardan sonra danışıb. Milli Məclisin Gədəbəydən seçilmiş deputatı Sevinc Hüseynova iyunun 23-də məsələyə reaksiya verib: “Gədəbəy rayonunun Söyüdlü kəndində qoca qadına qarşı polisin kobud rəftarı qəbuledilməzdir. Söyüdlü kəndindəki hadisənin arxasında dayananların niyyətləri gözlərində qaldı”.
Söhbət təkcə S.Hüseynovadan getmir, hədəfimiz o deyil. Bütövlükdə, deputatlar niyə proseslərə zamanında münasibət bildirmir? Niyə vaxtında seçicilərin yanında olmurlar?
- “Çox təəssüflər olsun ki, bir çox deputatlar parlamentdə təmsil etdikləri rayonlardan xəbərsiz olurlar”
İSBAM sədri SamirAdıgözəlli “Bak-Xəbər”ə bildirdi ki, Gədəbəyin Söyüdlü kəndində yaşananlar böyük təəssüf doğurur. “Bu məsələ ilə bağlı geniş danışıb müxtəlif məqamları demək də olar.
Məsələ ondadır ki, bizim bölgələrdən seçilən millət vəkillərinin böyük əksəriyyətdən uzaq düşməsi müşahidə olunur. Bu hadisə ilə bağlı parlamentdə Sevinc Hüseynova danışıb, onun çıxışını dinlədim, utandım. Bir azərbaycanlı ziyalı kimi heç Azərbaycan dilində danışa bilmir. Xalqdan uzaq düşən, seçicidən, onların dərdindən-sərindən xəbəri olmayan deputatlar çoxdur. Deputatların bir çoxunun seçildikləri rayonların camaatının problemlərinə biganə yanaşması onlarda haqlı narazılıq yaradır. Çox təəssüflər olsun ki, bir çox deputatlar parlamentdə təmsil etdikləri rayonlardan xəbərsiz olurlar.
Söyüdlü hadisəsi geniş müzakirə olunub, dövlət qurumlarının yanaşması ortadadır, onlar öz işlərini görürlər. Baş verənlərdən hətta düşmən mətbuatı bizə qarşı təxribat məqsədilə istifadə də edə bilir. Gədəbəydən seçilən deputat nə üçün indiyə qədər bu barədə parlamentdə, müxtəlif dövlət qurumları qarşısında məsələ qaldırmayıb? Rayonlarda mövcud olan istənilən problemi birinci deputatlar ictimailəşdirməli, onu parament və aidiyyəti dövlət qurumlarının qarşısında qaldırmalıdır. Deputat seçicilərinin səsini, probelmlərini, müraciətlərini ali qanunvericilik orqanında səsləndirməlidir, bu onun vəzifəsidir. Bunlar xalqdan ayrı düşüblər və xalqla öz aralarında uçurum yaradıblar”-deyə bildirən S.Adıgözəlli qeyd etdi ki, onlar ancaq öz biznesləri, xarici səfərləri ilə maraqlanırlar.
“Mən Sevinc xanımın müsahibəsini izləmişəm, deyib ki, yalnız yay vaxtı bir-iki ay Gədəbəydə oluram, seçicilərimlə görüşürəm. Siz iki aylıq Gədəbəyə istirahətə gedirsiz, orada da kimisə təsadüfən görürsüzsə o görüş deyil. Belə şeylər olmaz. Amma bütün problemləri son anda vətəndaşın ayağına yazmaq, vətəndaşı borclu çıxarmaq ayıb bir şeydir. Deputat Gədəbəyi hər fəsildə gəzibmi, dağ kəndlərində əhalinin hansı problemlərlə üzləşdiyini bilirmi? Təkcə ona yox, bu başqa deputatlara da aiddir. Kəndlərdə problemlər çox olur. Deputat mütəmadi olaraq seçicilərlə maraqlanmalıdır ki, hansısa bir situasiya yarananda sözünü deyə bilsin. Bu kimi məsələlərə görüntü naminə münasibət bildirilməsi gülünc görünür. Deputatların bir çoxu belədir. Bir deputat ki, zamanında xalqın yanında ola bilmir, ona necə yüksək qiymət vermək olar? İstənilən rayonun problemini onun deputatı hamıdan yaxşı bilməlidir, amma təəssüf ki, çox zaman onlar məlumatsız olurlar. Hansısa bir məsələni jurnalist ictimailəşdirəndən, ictimaiyyət reaksiya verəndən, ekspertlər danışandan, dövlət qurumları tədbir görəndən sonra deputat da bir-iki kəlmə danışır və işini bitmiş sayır. Gədəbəydə baş verənlərə hər kəsdən birinci rayonun deputatı münasibət bildirməli idi”-deyə S.Adıgözəlli qeyd etdi.
Leyla QARAXANLI