Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Döyüşlərdə PKK-çı və başqa terrorçulardan istifadə edən ölkə diplomatik müstəvidə də faşistlərə güvənir”

Azərbaycan və Ermənistan arasında müharibənin getdiyi bir vaxtda işğalçı dövlət xaricdəki erməni lobbisinin maliyyəsi hesabına ötən həftəsonu Almaniyadan bir qrup deputatı qanunsuz yolla Xankəndiyə gətirərək, bu yolla öz aləmlərində qondarma “Dağlıq Qarabağ Respublikası”nı legitimləşdirmək yolunda addım atdıqlarını fərz edirlər.

Almaniya parlamentində nasistləri təmsil edən “Almaniya üçün alternativ” Partiyasının 3 üzvü – Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər.

“AfD”çilər işğal altındakı torpaqlarımıza qanunsuz səfərlərini, eləcə də işğalçı rejimlə əlaqələrini Dağlıq Qarabağın guya xristian mədəniyyətinin tərkib hissəsi olması ilə əsaslandırmağa çalışırlar.  Qeyd edək ki, “Almaniya üçün alternativ” Partiyası Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas mövzuları, o cümlədən, Almaniyanı islamlaşmaqdan xilas etmək, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdan ibarətdir. Ermənistanın bu addımı onların dövlət olaraq faşist mahiyyətini bir daha ortaya qoymuş oldumu?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin  (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın faşist mahiyyətini ölkə başçısı İlham Əliyev dəfələrlə mötəbər tribunalardan ifşa edib: “ Dara düşən kimi bunu daha aydın şəkildə büruzə verirlər. Hazırda onlar mahiyyət etibarı ilə faşistliklərini gizlətməyən deputatlara sığınıblar. Üç deputatın təmsilçisi olduğu partiya müsəlmanlara qarşı antoqonist mövqeyilə seçilir. Onlar  ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunmasını, məktəblərdə islam dərslərinin alman dilində tədrisini tələb edir.

Məsələn, partiyanın həmsədrlərindən biri Aleksandr Qauland öz nitqlərindən birində alman əsgərlərinin İkinci Dünya müharibəsində göstərdikləri “qəhrəmanlıqları” qiymətləndirməyə və onlarla “fəxr etməyə” çağırmışdı. Əvvəla, həmin deputatların qondarma quruma gedişləri  cinayətdir. Çünki həmin ərazilərə Azərbaycanın icazəsi olmadan getmək cinayət məsuliyyəti yaratmış olur. Yəqin ki, Azərbaycanın hüquq-mühafizə orqanları onlarla bağlı cinayət işi də qaldırcaq. Bununla Ermənistan bir daha sübut edir ki, düşdüyü vəziyyətdən faşistlərin, terrorçuların dəstəyilə çıxmağa çalışır. Döyüşlərdə PKK-çı və başqa terrorçulardan istifadə edən ölkə diplomatik müstəvidə də faşistlərə güvənir. Bir daha sübut olunur ki, Ermənistan dövlət səviyyəsində faşizmə olan rəğbətini gizlətmir. Njdeyə qoyduqları heykələ uyğun xətt üzrə də işlərini davam etdirirlər. Ancaq Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət apararaq onların iç üzünü, işğalçı və irqçi olmalarını bütün dünyaya tanıtdı. Gəncə terroru ilə bağlı Avropa İttifaqının bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidini puç etdi. Gəncə terroru ilə bağlı rəyini Avropa İttifaqı  “hər hansı bir tərəfin mülki və mülki obyektləri hədəf alması dayandırılmalıdır” bəyanatında bildirdi. Aİ-nin bu bəyanatı işğalçı ölkədə isterika ilə qarşılandı. Ermənistan anlamalıdır ki, bütün bu cəhdlərin faydası yoxdur. Onların yeganə çıxış yolları dinc yolla torpaqları işğaldan azad etməkdir. Əks təqdirdə bundan da pis vəziyyətə düşəcəklər”.

Dünya onu da yaxşı bilir ki, beynəlxalq hüquq Azərbaycanın yanındadır və rəsmi Bakı öz torpaqlarında beynəlxalq hüquq əsasında hərbi əməliyyatlar aparmaqla işğalçı qüvvələri sülhə vadar etməklə məşğuldur.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …