Cümə , 26 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: “Dünyanın hər bir yerində dənizlər ətrafında yerləşən ölkələr arasında iqtisadi əlaqələrin qurulması prioritet təşkil edir”

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyev Xəzəryani ölkələrin qarşılıqli əməkdaşlığına dair maraqlı fikirlər ifadə edib:

“Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Qeyd etməyə şadam ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır”.

Prezidentin bu mövqeyini “Bakı-Xəbər” qəzetinə şərh edən İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin ( İSBAM) sədri Samir Adıgözəlli hesab edir ki, Xəzəryanı ölkələr arasında əməkdaşlıq istiqamətində regional mübadilələr üzrə infrastrukturların yaradılması və təhlükəsizliyin artırılması baxımından olduqca lazım olan mövqedir: “ Bu məsələlər Xəzəryanı ölkələr arasında əlaqələr səviyyəsinin daha da yüksəlməsi ilə nəticələnə bilər. Regional mübadilələr üzrə infrastrukturların yaradılmasına gəldikdə, 5 sahilyanı ölkə arasında dəmiryolu xətlərinin yaradılması, ikitərəfli və çoxtərəfli enerji mübadiləsi üçün boru xətlərinin çəkilməsi bu əlaqələrin inkişafına daha da təkan verə bilər. Aşqabad zirvə toplantısı bu baxımdan əhəmiyyətlidir ki, ölkələr müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat və ticarət sahələrində addımlar ata biləcəklər.

Bundan əlavə, prezidentlər səviyyəsində ikitərəfli görüşlər də müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verə bilər. Xəzər dənizi Xəzəryanı ölkələr üçün iqtisadi baxımdan, xüsusilə neft-qaz hasilatı, kənd təsərrüfatı məhsullarının daşınması və məhsul tranziti baxımından çox əhəmiyyət kəsb edir. Adətən dünyanın hər bir yerində dənizlər ətrafında yerləşən ölkələr arasında iqtisadi əlaqələrin qurulması prioritet təşkil edir. Xəzəryanı ölkələr inkişaf etməkdə olan ölkələrdir. Bu baxımdan bu ölkələrdə böyük potensiallar mövcuddur. Hesab edirəm ki, Prezident İlham Əliyevin ifadə etdiyi mövqe bu münasibətlərin dərinləşməsi üçün əsas götürülə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar: “Kipr türklərinə qarşı böyük haqsızlıq edilir”

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Annan Planı Referendumunun 20-ci ildönümündə Kipr türk xalqına …