Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

“Əlilliyin müəyyən olunması meyarları” sosial müdafiə tədbirlərini gücləndirəcək

Bu gündən Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minir.

Ötən dövrdə bu proses Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə müəyyən edilirdi.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

“Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə aparılan islahatların əsas hədəfi şəffaflıq və əlçatanlığın təmin olunması ilə vətəndaşların sosial rifahının yüksəldilməsi olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi diqqəti isə bu sahədə müxtəlif uğurlu layihələrin həyata keçirilməsinə mühüm töhfə verir. Məhz əlilliyin müəyyən olunması ilə bağlı yeni meyarlar qeyd olunan hədəflərə çatmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlənilib hazırlanıb. Meyarların hazırlanmasında inkişaf etmiş ölkələrinin qanunvericilik təcrübəsi və Azərbaycanın postmüharibə dövrü əsas götürülüb. Qüvvəyə minən yeni meyarlar şəffaflıq, əlçatanlıq və sosial müdafiə tədbirlərini artırmaqla vətəndaşın mənafeyini daha da gücləndirəcək”, – deyə Cəsarət Hüseynzadə qeyd edib.

O bildirib ki, yeni sənəddə əlilliklə bağlı bəndlər 4,4 dəfə artırılıb. Belə ki, əvvəllər 152 meyar var idisə, hazırda 700-ə yaxın meyardan söhbət gedir. Bununla da əvvəlki qanunvericilikdə əlillik alması mümkün olmayan insanlar yeni sənədlə əlillik əldə edə biləcəklər. Eyni zamanda, bəndlərin artırması xəstəliklərin və meyarların daha da dəqiqləşməsini özündə ehtiva edir. Bu isə şəffaflığın artırılması və yerlərdə olan həkimlərin öz şəxsi marağı çərçivəsində qeyri-dəqiq məlumatları bazaya daxil etməsinin qarşısını alacaq.

Qüvvəyə minən yeni qaydaların ən mütərəqqi cəhətlərindən biri də əlilliyə əsas verən bir neçə meyarlarla bağlıdır. Əvvəlki qanunvericiliyə görə, əlliliyə əsas verən bir neçə diaqnozu birləşdirmək mümkün deyildi. Yalnız ən ağır kateqoriya ilə təyinat aparılırdı. Əlilliyi olan şəxslər isə haqlı olaraq bir neçə diaqnoz üzrə əziyyət çəkdiklərini və bunun orqanizmin ümumu fəaliyyətinə ciddi təsir etdiyini bildirirdilər.

QHT sədri deyib: “Artıq yeni qaydalara görə bu məqamlar nəzərə alınacaq. Yeni əlillik meyarlarının 35-100 faiz aralığında orqanizm funksiyalarının pozulması ilə bağlı qiymətləndirilməsi buna tam imkan verir. Yeni meyarlarda iki diaqnoz üzrə əlillik təyinatı aparmaq mümkün olursa, onlar birləşdirilir. Ən yüksək dərəcə 10 faiz artırılır, bu zaman ən yüksək müddət hansıdırsa, o seçilir. Həmçinin əlilliyin ən üstün səbəb əlaqəsi seçiləcək. Bu qayda həmin şəxsin bəzən əlilliyin bir kateqoriya artmasına və daha yüksək vəsaitlə təmin olunmasına imkan verəcək.

Yeni meyarlarda başqa bir məqam uşaqlarla bağlıdır. Köhnə qaydalara uşaqlarda əlliliyə səbəb olan diaqnozun ağır və yüngül olması nəzərə alınmırdı. Bu də ədalətli yanaşma deyil. Artıq bu maneə də aradan qaldırıldı. Eyni zamanda, uşaqlara da diaqnozdan asılı olaraq ömürlük əlillik təyinatı aparılacaq və ödəniş müəyyən ediləcək.

Yeni qaydalarda əsas prinsiplərdən biri də geri dönməz xəstəliklər və bir neçə dəfə əlilliyi təyin olan şəxslərə müddətsiz əlilliyin verilməsidir.

Ümumilikdə dəyişikliklər çoxdur. Bütün dəyişikliklər vətəndaşların mənafeyinin, əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, ədalətli bölgünün aparılmasına, şəffaflığın və əlçatanlığın təmin olunmasına yönəlib”.

Check Also

“İctimai iştirakçılıq haqqında” Qanun qeyri-rəsmi formada dəyişdirilib? – Artıq İçtimai Şuralara seçim yox təyinat var?

Hörmətli həmkarlar, media nümayəndələri!Bir müddətdir ki, bəzi yoldaşlar mənə bildirir ki, bəs “İctimai iştirakçılıq haqqında” …