Şənbə , 18 May 2024
Drone Cameras

Samir Adıgözəlli: “Ermənilər anlamalıdırlar ki, 1923-cü ildə böyük güclərin təzyiqi ilə yaradılan Dağlıq Qarabağ anlayışı artıq yoxdur”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb. Yeni bölgüdə diqqət çəkən bir sıra vacib məqamlar var. Məsələn, Qarabağ adlı yeni iqtisadi rayonun yaradılması ilə bağlı fikirlər daha çox səslənir və bunun uğurlu strateji addım olduğu bildirilir.

Hesab edilir ki, bununla bölgələrin idarə olunmasında müəyyən bir dinamiklik, çeviklik yaranacaq. Fərman həm də geosiyasi mahiyyətlidir. İkinci Qarabağ savaşının meydana çıxardığı üstünlüyün daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir. Bu, həm də siyasi-hüquqi sənəddir.

Fərmanın başqa siyasi üstünlükləri ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri (İSBAM) Samir Adıgözəllinin sözlərinə görə, bununla təsdiqləndi ki, Prezident Qarabağa siyasi və inzibati olaraq vahid yanaşma ortaya qoyur: “Artıq Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi olmayacaq. Qarabağa dair istənilən rəsmi qərarımız Ermənistana mütləq təsir edəcək. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının və revanşizmin fiaskosudur. Ermənistanın bir çıxış yolu var – Azərbaycanın ərazi bütövlüyünü tanıyıb sülhə getmək. Ermənilər anlamalıdırlar ki, 1923-cü ildə böyük güclərin təzyiqi ilə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti anlayışı artıq yoxdur. Müharibədən sonra həmin ərazi vahidini əsas tutaraq status axtarışına çıxan ermənilər və onların havadarları üçün bu qərar tarixi bir dərs oldu.  Fərmanda diqqət çəkən məqamlardan biri də Şərqi Zəngəzur adıdır. Bu, bizim üçün sadəcə tarixi bir vilayətin adı yox, indiki Azərbaycanın bir hissəsidir. Bu həm də o deməkdir ki, Qərbi Zəngəzur da var. İqtisadi rayonlara belə bölgü ölkəmizin inzibati-ərazi quruluşunda və yerli inzibati idarəetməsində gələcək islahatlar üçün zəmin ola bilər. Rayon icra hakimiyyətlərindəki saysız-hesabsız problemlər sübut edir ki, yeni idarəetmə mexanizminə keçməyin zamanı çoxdan çatıb. Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi (əvvəl Aran rayonun tərkibində olub), Ağdam, Bərdə (əvvəl Aran iqtisadi rayonunun tərkibində olub), Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Eyni zamanda Zəngilan, Qubadlı, Cəbrayıl (əvvəl Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibində olub), Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilərək Şərqi Zəngəzur iqtisadi rayonu adlandırılıb”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …