Cümə , 26 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: “Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda, ölkənin mərkəzlərində öz işini görsün”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı etiraz bəyanatı yayıb.

Metallurgiya zavodunun inşası Ermənistan əhalisi tərəfindən də ciddi etirazlarla qarşılanıb.

Bildirilir ki, zavod fəaliyyətə başladıqdan sonra ətraf mühitə böyük zərər vuracaq. Lakin zavodu tikən “GTB Steel” şirkətindən bildirilib ki, zavod Naxçıvanla sərhəddən 800 metr aralıda yerləşir. Yaxınlıqda flora və fauna, münbit torpaq qatı, tarixi abidələr və mühafizə olunan təbiət əraziləri yoxdur. Ermənistan mətbuatı yazır ki, zavodu Ermənistanın keçmiş müdafiə naziri və baş naziri olmuş Vazgen Sarkisyanın qardaşı Armen Sarkisyanın kürəkəni (qızının həyat yoldaşı) ilə ABŞ-da yaşayan hindistanlı iş adamı tikir. Şirkətdə hər birinin payı 50% təşkil edir.

Qeyd edək ki, Vazgen Sarkisyan Ermənistanın Milli Qəhərəmanı olub, 1999-cu ildə Ermənistan parlamentində baş verən terror nəticəsində öldürülüb.

Zavodun tikintisi üçün niyə məhz Azərbaycan sərhədinin yaxınlığı seçilib?

Əslən Naxçıvandan olan İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın sərhədimizə çox yaxın ərazidə metallurgiya zavodunu tikməsi bizə qarşı olan destruktiv mövqeyinin təzahürüdür: “Biz uzun illərdi ki, Ermənistanın ekoloji təhdidləri ilə üz-üzəyik. “Metsamor” adlı atom elektrik stansiyasının tullantılarının bizim çaylara axıdılması və ətraf mühitimizə vurduğu zərbələr barədə bütün dünya məlumatlandırılıb. Dəfələrlə bununla bağlı aksiyalar keçirmişik. Belə bir zavodun tikintisi zamanı mütləq mənada qonşu dövlətlə məsləhətləşmələr aparılmalıdır. Bunu etməyən tərəf beynəlxalq konvensiyaların tələblərini pozmuş olur. Qeyd edək ki, ərazidə zavodun tikintisinə 70 milyon dollar Amerika sərmayəsinin qoyuluşu nəzərdə tutulur. Bu zavodun inşası sərhəddə yerləşən Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn “Şir Arxı”nın suyundan istifadə edilir. Belə bir zavod bizim üçün olduqca strateji əhəmiyyət daşıyan ərazidə tikilir. Ətraf mühitə vurulan hər hansı zərbə elə insanlara edilən zülmdür. Bununla yanaşı, metalurgiya zavodu həm də Azərbaycanla Türkiyə arasında yeganə sərhəd olan əraziyə olduqca yaxın məsagədə inşa edilir. İstisna edilmir ki, zavod adı ilə həmin ərazidən hərbi təyinatlı məqsədlər üçün də istifadə edilə bilər. Ermənistanın öz daxilində belə bina etiraz var. Yaxşı olardı ki, Ermənistan bəri başdan fikrindən daşınsın. Azərbaycan da bütün beynəlxalq platformalarda bu mövzunu qaldırmalıdır. Araz çayının bir qolu olan “Şir Arxı” da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib, canlılar məhv olub. Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda, ölkənin mərkəzlərində öz işini görsün və bu barədə məsuliyyətli olsun”.

Faktlar göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün deyil, ümumi region və dünya üçün təhlükəlidir. Söhbət artıq 40 ildən çoxdur istifadə edilən və istismar müddətini çoxdan başa vuran Metsamor AES-in ardınca bu biabırçılıqdan gedir. Təəssüflər olsun ki, ölkəmizdə akkreditə olunan Qərb dövlətlərinin səfirləri bu məsələ ilə bağlı səsini çıxarmır.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …