Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: Fransanın türkəfobiya siyasətinə qarşı, türk dünyası birləşməlidir

Milli Məclis Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnanmə ilə bağlı Azərbaycan hökumətinə çağırış edib. Noyabrın 16-da qəbul edilən bəyanatda qeyd edilir ki, Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə bir sıra tədbirlərin görülməsi ilə bağlı çağırış edib.

Onlardan biri də Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılmasıdır. Doğrudan da Fransanın siyasətində türkəfobiya özünü çox biabırçı şəkildə göstərir. İndiyə qədər Fransanın siyasətində türkəfobiya özünü hansı formalarda, hansı məqamlarda və hansı istiqamətlərdə göstərib?

  • “Mənə belə gəlir ki, bu yaxınlarda məhz buna görə türk təşkilatları çərçivəsində bir yığıncaq da keçirilməlidir”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransanın türkəfobiya siyasəti uzun illərdir bütün istiqamətlərdə özünü büruzə verir. Fransanın bu üzdəniraq siyasəti illərdir apardığını xatırladan S.Adıgözəlli hesab edir ki, bu yüz il bundan əvvəl də belə olub, indi də belədir. “Əvvəla, Fransa Senatının son qəbul etdiyi qətnamə siyasi spekulyasiyadan başqa bir şey deyil. Bu bir daha Fransanın imperialist maraqlarını, açıq şəkildə türk düşmənçiliyini göstərdi. Bu biabırçı bir qərardır. Erməni cəmiyyəti bilməlidir ki, bu üzdəniraq qərarın onlara heç bir faydası yoxdur, Azərbaycan üçün isə siyasi spekulyasidan o yana keçəcək bir addım deyil. Fransanın bu hərəkətlərini, bu addımlarını 30 il boyu da gördük. Bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri olduğu müddətdə çox açıq şəkildə türkəfobiyanı, türk düşmənçiliyini ortaya qoydu. Onun anti-Azərbaycan, antitürk addımları bütün dünyanın gözləri qarşısında baş verib. 30 il müddətində açıq şəkildə qərəzli, ədalətsiz mövqe nümayiş etdirdi. Qarabağ probleminin həllinə guya vasitəçilik edən Fransa bizə düşmən, Ermənistana isə dost münasibət sərgilədi, Senatda baş verənlər də bunun təzahürlərindən biridir. Fransanın türkəfobiya siyasəti özünü bütün istiqamətlərdə biruzə verir. Hesab edirəm ki, Azərbaycanın və qardaş Türkiyənin regionda və beynəlxalq aləmdə nüfuzunun artması məsələsi Fransanı ciddi narahat edir. Çox ciddi konfliktlərin həllində Türkiyənin vasitəçi kimi fəaliyyətinin Rusiya-Ukrayna məsələsində də, yaxın Şərqdə də özünü göstərməsi Fransanın narahatlığına səbəb olur. Türkiyə NATO-nun ikinci böyük dövlətidir”.

S.Adıgözəlli vurğuladı ki, Türkiyə və Azərbaycan başda olmaqla bütün türkdilli dövlətlərin son dövrlər daha da birləşməsi, birgə görsənməsi və güclənməsi, artıq beynəlxalq aktora çevrilməsi Fransanın yuxusunu qaçırıb. S.Adıgözəlli hesab edir ki, Fransanın bu addımlarında erməni daisporunun təzyiqlərindən söhbət gedə bilməz, baxmayaraq orada 500 min erməni yaşayır, güclü erməni diaspor var. Ermənilərin ayaqlanmasına da şərait yaradanın Fransa olduğunu deyən S.Adıgözəlli hesab edir ki, seçkilərdə  bu ölkələrdə erməni icmasının səsinin qazanılması  məsələsi ermənilərin əlində bir karta çevrilib. “Ermənilər bu kartdan istifadə edib Fransa üzərindən türk düşmənçiliyini daha da irəliyə aparır. O vaxt Osmanlıdan gələn erməniləri öz tərəfinə çəkib onları himayə edən Fransa aşkar şəkildə ermənilərdən zaman-zaman Türkiyə, bu gün isə Azərbaycan və Türkiyə əleyhinə istifadə edir. Erməni cəmiyyəti bilməlidir ki, onun dünyaya inteqrasiyası Türkiyə ilə sərhədlərinin açılmasından keçir. Türkiyə ilə sərhədllər açılmadan ermənilər heç yana çıxa bilməz. Qapı Türkiyədir. Türkiyə ilə də sərhədlərin açılması Azərbaycanla sülh sazişindən keçir. Erməni cəmiyyəti, Ermənistan bunu bilməlidir. Təbii ki, Fransa Senatının bu qərarı kağız üzərində qalacaq”.

S.Adıgözəlli hesab edir ki, Fransanın türkəfobiya siyasətinə qarşı türk dünyası birləşməlidir və bu yöndə konkret addımlar atılmalıdır.  “Hesab edirəm ki, türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasəti barədə qəti qərar qəbul edilməlidir. Bütövlükdə bu məsələ türk təşkilatlarının  gündəliyinə çıxarılmalı və geniş müzakirə edilməlidir. Bu məsələdə Azərbaycan, qardaş Türkiyə və digər türk dövlətləri həmrəylik nümayiş etdirməli, Fransanın türkəfobiya siyasətinə qarşı birləşməlidir. Mənə belə gəlir ki, bu yaxınlarda məhz buna görə türk təşkilatları çərçivəsində bir yığıncaq da keçirilməlidir. Fransanın türk düşmənçiliyinin yaşı az deyil. Uzun illər o bu məkrli siyasəti yürüdüb. Türkiyənin İstiqlal Savaşında da türkə qarşı döyüşən Fransa sonradan məğlub olub, ondan əvvəl Osmanlı dövlətinə qarşı döyüşdə iştirak etməsi faktdır. Fransa tarixən türkün qarşısında əzilib, bunu Fransanın ağıllı siyasətçiləri də bilir. Ona görə də düşünməyin ki, o ölkənin içində ağıllı adamlar yoxdur. Onlar Azərbaycanla və Türkiyə ilə normal münasibətləri istəyirlər. Tarixdən bir məqamı xatırlayım ki, Fransa-Almaniya qarşıdurmalarında almanlar türklərdən dəstək istəyib, fransız quldurları alman əkin sahələrinə hücumlar edərkən alman fermerlər Osmanlı əsgərinin libasında əkin yerlərində müqəvvalar yerləşdiriblər, fransızlar bu müqəvvaları uzaqdan görəndə orada Osmanlı əsgərlərinin olduğunu zənn edib qorxub hücum etməyiblər. Dədələrinin nəvələri olan fransızlar bilsinlər ki, türk yenidən şaxələnir, yenidən dünyada böyük bir nüfuz sahibi olaraq siyasi-iqtisadi aktora çevrilir, Fransa bu addımları ilə nə etsə, ancaq “öz küpünə” zərər verəcək” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …