Drone Cameras

Samir Adıgözəlli: Hesablama Palatası Diaspor Komitəsində araşdırmalar aparsa Mədəniyyət Nazirliyindən də vahiməli məsələlərlə qarşılaşar

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin və nazirliyin bir neçə yüksək çinli məmurunun DTX-nın keçirdiyi əməliyyat nəticədə saxlanılması və istintaqa təhvil verilməsi hadisəsinin ardınca bu qurumla bağlı mediada başqa bir xəbər yayıldı.  

Mətbuatda yayılan məlumatlara görə, Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparıb. İddialara görə, Palata mədəniyyət naziri Anar Kərimovun dövrünü təftiş edib. Hesablama Palatasının apardığı yoxlamanın nəticəsində nazirlikdə külli miqdarda yeyinti aşkarlanıb. Təbii ki, hələ nazirlikdən bununla bağlı hər hansı bir açıqlama verilməyib.

Qeyd edək ki, ötən müddət ərzində Mədəniyyət Nazirliyinin strukturlarında bir neçə dəfə yoxlama aparılıb. Hətta nazirlik özü də tabeliyində olan strukturlarda monitorinqlər həyata keçirilib. Ümumiyyətlə, son proseslərlə əlaqədar olaraq nazirlik rəsmən heç bir açıqlama verməyib. Görünür, bütün bu məsələlərlə bağlı rəsmi mövqe olacaq.

Məsələ burasındadır ki, cəmiyyətdə, mətbuatda, mədəniyyət adamları arasında nazirliklə bağlı çox ilinginc məlumatların dolaşdığı məlumdur. Amma maraqlıdır ki, hələ hər hansı bir münasibət yoxdur.  

Amma nazirlikdə baş verənlər ciddi ictimai qınağa səbəb olub.

İSBAM sədri Samir Adıgözəlli “Bakı – Xəbər”ə şərhində bildirdi ki, son iki ildə Mədəniyyət Nazirliyində baş verən olaylar cəmiyyətdə narazılıqla qarşılanır. 2020-ci ildə korrupsiya və yeyinti hallarına, dövlət vəsaitini, əmlakını talamaya görə  mədəniyyət nazirinin müavinin, Dövlət Xidmətinin rəhbərinin və digər yüksək vəzifəli şəxslərin həbs edildiyini xatırladan S.Adıgözəlli təəssüflə qeyd etdi ki, kənardan bu nazirlik korrupsiya yuvası kimi xarakterizə olunur: “Mədəniyyət Nazirliyində baş verən xoşagəlməz olaylar artıq bu nazirlik barədə çox pis rəy formalaşdırıb. Nazirlikdə son baş vermiş həbslər çox məyusedici bir hadisədir. Nə mənada? Ona görə ki, bu nazirlikdə çox zaman yeyinti faktları aşkarlanıb. Əbülfəs Qarayevin nazir olduğu dövrlərdə də burada yeyinti və korrupsiya halları mövcud idi. Büdcədən nazirliyin strukturlarına ayrılan vəsaitlərin aidiyyatı üzrə yönəldilmədiyi aşkar olundu. Təbii ki, əvvəl hər kəs bunu görürdü, ortaya çıxan nəticələr insanlarda vahimə yaratdı. O vaxt yeyinti, korrupsiya, dövlət əmlakını, vəsaitini mənimsəmə ilə bağlı rəsmən elan edilən rəqəmlər hər kəsə məlumdur. Nazirlikdə aparılan həbslərin birinci dalğası zamanı müavinləri, digər vəzifəli şəxslərlə yanaşı Əbülfəs Qarayev də həbs olunmalı idi. Amma bu baş vermədi. Nazir vəzifəsində işləyən şəxsin həbsdən yayınması başqalarına qanunsuzluq etmək üçün şərait yaradır. Mədəniyyət Nazirliyindəki növbəti həbslərin motivləri ilə bağlı hələ geniş rəsmi məlumat yoxdur, bu baxımdan bu barədə hələlik bir fikir bildirmək çətindir. Amma onu deyə bilərik ki, Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən küllü miqdarda vəsait daxil olur. Nazirliyin ölkədən kənardakı fəaliyyətinə baxanda ortada ciddi heç nə görmürük. Ölkənin mədəniyyəti ilə bağlı həyata keçirilən dövlət siyasəti təkcə kimlərinsə yubileylərinin keçirilməsi ilə məhdudlaşmamalıdır. Bura Mədəniyyət Nazirliyidir yubiley nazirliyi deyil ki. Ölkənin mədəniyyət siyasətini aparan, mədəniyyətini  tanıdan qurum Mədəniyyət Nazirliyi sistemidir. Çox təəssüf ki, Mədəniyyət Nazirliyində  bu kimi xoşagəlməz hallar baş verir. Mən mədəniyyət nazirinin sabiq müavini savadlı, qabiliyyətli, milli düşüncəli bir məmur kimi tanımışam. Biz onunla birgə səfərdə olmuşuq, Ukraynada Nizami Gəncəvinin abidəsinin açılışında iştirak etmişik. Baxmayaraq ki, Nizaminin abidəsinə Mədəniyyət Nazirliyi bir qəpik köməklik göstərməyib, abidənin açılışınının bütün xərclərini Azərbaycan Respublikasının Fəxri Konsulu Əfqan Salmanov, fəxri konsulluq çəkib. Bu Azərbaycanın tanıtımı ilə bağlı ciddi bir iş idi ki, ötən ilin sentyabrında bu abidə Xarkovda açıldı. 

…Çox təəssüflər olsun ki, aldığım xəbərlər, eşitdiyim bu informasiyalar məni çox məyus etdi. DTX-nın apardığı əməliyyat, toplanan sənədlər, Hesablama Palatasının yoxlamaları kifayət qədər ciddi hadisədir. Nazirliyin fondunda olan vəsaitlərin bu şəkildə dağıdılması, dövlət əmlakına bu qədər səhlənkar münasibət, əmanətə xəyanət, qohumbazlıq  hallarının baş verməsi təəssüf doğurur. Mədəniyyət Nazirliyi rəsmən baş verən yoxlamalarla, həbslərlə, bağlı mövqe bildirməlidir. Təsəvvür edin ki, bu qədər hadisələr olur, amma hələ buna açıqlama verilmir”.

S.Adıgözəlli qeyd etdi ki, bu kimi hallar başqa nazirliklərdə, qurumlarda da baş verir. O, hesab edir ki, korrupsiya, rüşvətxorluq hallarının üstünə ciddi düşmək lazımdır. “Rüşvətxorluğa, korrupsiyaya bulaşan insanalar qarşı ciddi tədbirlər görülməlidir. Əgər Hesablama Palatası Diaspor Komitəsində araşdırmalar aparılsa Mədəniyyət Nazirliyindən də vahiməli məsələlərlə qarşılaşar. Bu qədər həbslərdən sonra dövlət qurumunda bu vəsait oğurluğu, büdcənin talanması kimi hallar baş verirsə, ciddi ölçülər götürülməlidir, bu işin kökünə qədər gedilməlidir”-deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …