Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: İndi ki, Talıbov yoxdur, niyə vəziyyət daha da pisləşib?

 “Ölkə rəhbərliyi bu mövzuya sərt təpki göstərməsə, vəziyyət düzələn deyil”

Azərbaycan Hava Yolları şirkəti (AZAL) açıqlayıb ki, bundan sonra Bakı-Naxçıvan reysinə biletlərin satışı onlayn həyata keçiriləcək. AZAL-ın Bakıdakı satış ofisinin qarşısında növbəyə duran şəxslərdən bəziləri isə deyir ki, istər onlayn olsun, istərsə də kassada satsın, bilet yoxdursa nə alacaqlar?

Şirkətin Bakıdakı  satış ofisinin qarşısına toplaşanlar deyirlər ki, yeganə açıq olan quru sərhəd Naxçıvan üzərindən mövcud olduğundan, Naxçıvan reyslərinə tələbatı artırıb. Digərləri isə deyir ki, biletlər turizm şirkətlərinə satıldığından kassalardan bilet ala bilmirlər. Saatlardır növbədə gözlədiyini deyən Azərbaycan vətəndaşları arasında növbə sayı 500 adama çatır. Çox maraqlıdır ki, Naxçıvana bilet almaqla bağlı çətinlik hər ili davam edir və həllini tapmır. Əvvəl bunun səbəbini Vasif Talıbovun AZAL rəhbərliyi ilə yola getməməsi ilə izah edirdilər. Artıq xeyli müddətdir ki, Talıbov vəzifədən gedib.

Bəs Naxçıvana rəhbərlik edən Prezidentin səlahiyyətli nümayəndəsi niyə  əhalinin bu mühüm problemilə bağlı hər hansı addım atmır?  Əslən Naxçıvandan olan siyasətçi, İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Naxçıvanın hazırda yeganə əlaqə vasitəsi hava yoludur: “Bilirsiniz, əvvəllər İran yolundan da istifadə edilirdi. Məlum səbəblərə görə həmin yol da bağlıdır.  Hazırda əhalinin Bakıdan Naxçıvana getməsi və oradan paytaxta gəlməsində ciddi bilet problemləri yaşanır. Vəziyyət doğrudan da acınacaqlıdır.

AZAL Naxçıvana stabil olaraq 4 reys ayırıb. Amma hazırda  vəziyyət elədir ki, həmin sayda reys tələbata cavab vermir. Məlumdur ki, yay vaxtı ora gediş, payızda isə oradan Bakıya gəliş çox olur. Bu da tələbələrin marşrutu ilə əlaqəlidir. Burada turizm amili də var. Biletlərin əksəriyyətinin turizm firmaları tərəfindən alındığına dair söhbətlər də gəzir. 

Təyyarə biletinin qiymətini 50  manatdan qaldırdılar 60 manata, ancaq  səviyyədə heç bir yenilik olmadı. Vəziyyət əvvəlkindən də pis oldu. Niyə illərdi Naxçıvan əhalisinin çəkdiyi bu zülmə bir əncam çəkilmir? Əvvəl  deyirdilər ki, bunun günahı Talıbovlardadır. İndi ki, Talıbov yoxdur, niyə vəziyyət daha da pisləşib? Elə Naxçıvan camaatı köhnə rəhbərlikdən onların şəraitinə biganə qaldıqlarına görə şikayət edirdi. 

Bu qiymətə Gürcüstan əhalisi Avropanın istənilən ölkəsinə uça bilir. Yeni nümayəndə niyə bu məsələ ilə bağlı konkret addımlar atmır? Naxçıvan əhalisi qalıb bir AZAL-ın ümidinə. Onlar da çox laqeyd münasibət sərgiləyir. Məndə olan məlumata görə, bletlər əl altdan çox baha qiymətə satılır.  Keçən il də belə gərginlik yarandı, dedilər ki, onlayn satışa keçirlər. Təyyarə az olandan sonra istəyirsən bileti onlayn sat, nə fərq olacaq? Bəs etmirsə, əlavə təyyarələr versinlər. 

Onlaynda maxinasiya etmək daha asandır.  Bu çox ciddi problemdir və mütləq həll olunmalıdır. Axı ilin bütün fəsillərini eyni götürmək olmaz. Qışda gediş-gəliş azalırsa,  təyyarə reyslərini sayını azaltsınlar. Yayda adam çoxdursa, tələbata cavab verən sayda təyyarə reysi salsınlar. Hesab edirəm ki, bu məsələni yalnız AZAL-ın öhdəsinə buraxmaq olmaz. Ölkə rəhbərliyi bu mövzuya sərt təpki göstərməsə, vəziyyət düzələn deyil”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …