Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: “Paşinyanın açıqlamasından sonra heç bir normal ölkə Rusiyadan həmin silahı alan deyil”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olmayan ərazisinə “İsgəndər” raketi atdıqlarını etiraf edib. Bunu o, müsahibəsində söyləyib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “İsgəndər” raketindən 44 günlük döyüşlərin 3-4-cü günündə istifadə olunmamasına təəccüblənməsinə cavabında Nikol Paşinyan deyib: “Bu eyham mənə ünvanlanıb. Ancaq düşünürəm ki, iddiaçı cavabını bildiyindən belə suallar verməməlidir. Bəlkə o özü bu suala cavab versin: niyə atılan “İsgəndər”lər partlamadı, yaxud, məsələn, 10 faizi partladı?” Ölkənin Müdafiə Nazirliyi baş nazirin “İsgəndər”lə bağlı dediklərini şərh etməkdən imtina edib.

Xatırladaq ki, Serj Sarkisyan müsahibəsində “İsgəndər” raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə etdiklərini bildirmişdi. Müxbirin “düşmənin ərazisinə niyə bu raket atılmadı” sualına cavabında keçmiş prezidenti deyib: “Cavab zərbədən ehtiyat edildiyi üçün atılmayıb. “İsgəndər”dən müharibənin 4-5-ci günü Horadiz və başqa istiqamətlərdə istifadə etmək lazım idi”.

Paşinyan bu açıqlaması ilə hədəf kimi əslində nəyi seçib?

“Bu açıqlamadan sonra heç bir normal ölkə Rusiyadan həmin silahı alan deyil”

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu açıqlaması ilə Paşinyan, sabiq prezidentə cavabdan çox, iki vacib amili etiraf etmiş olub: “ Əvvəla, bununla etiraf edib ki, Ermənistan tərəfi müharibədə ən ağır silahlardan istifadə edib. Özü də həmin raketlərin hədəfi mülki əhali olub. Onların bir neçə belə atəşi isə mülki əhalimizin qətl edilməsi ilə nəticələndi. İkinci bir tərəfdən isə, Paşinyan bu açıqlaması ilə Rusiya hərbi sənaye kompleksinə ağır zərbə vurmuş olub. Paşinyan elan edib ki, Rusiyanın bütün dünyaya mükəmməl, dəqiq, təhlükəli silah kimi təqdim etdiyi “İsgəndər” raketi 2- ci Qarabağ savaşı zamanı ya heç partlamayıb və ya 10% partlayıb.

Bu günlərdə Sarkisyan Paşinyanı tənqid etmişdi ki, “müharibənin 3-4-cü günündə Ermənistan tərəfi “İsgəndər” raketindən istifadə etməliydi”. Paşinyan da guya ona cavab verib ki, “İsgəndər” də atmışıq, ancaq bir işə yaramayıb. Əslində isə bu açıqlama ilə Rusiyanın ən müasir silahlarından birini yerlə bir edib. Paşinyan bunu naşılıqdan demir. Əsas silah satıcısı olan Rusiyanın bazarını öldürmüş olub. Çünki bu açıqlamadan sonra heç bir normal ölkə Rusiyadan həmin silahı alan deyil”.

İSBAM sədri Paşinyanın bu açıqlamasına Moskvadan sərt bir cavabın veriləcəyinə əmin olduğunu da bildirdi: “Ola bilər ki, bu cavab publik olmasın, ancaq Rusiya bu ağır ittihamı cavabsız qoya bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …