Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Prezidentin təşəbbüs Azərbaycanın mina probleminin dünyaya çatdırılmasında mühüm rol oynayacaq”

“Azərbaycan humanitar minatəmizləməni milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan edəcək”. “Trend”in məlumatına görə, bunu Prezident İlham Əliyev 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü münasibətilə sosial şəbəkələrdəki hesablarında paylaşımında yazıb.

Prezidentin paylaşımında qeyd olunub:“4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırmışdır. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olmuşdur. Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır.

Azərbaycan humanitar minatəmizləməni milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan edəcək. Ölkəmiz humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Azərbaycan həm də Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış etmişdir.

Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır. Müasir texnologiyalara əsaslanan humanitar minatəmizləmə və mina sahəsində maarifləndirmə bu işlərin tərkib hissəsidir. Mən öz həyatını təhlükə altına ataraq gecə-gündüz çalışan minatəmizləyənlərimizin fəaliyyətini yüksək qiymətləndirirəm. Dünyada mina terroruna son qoymaq üçün beynəlxalq səylər artırılmalıdır”.

Minalardan təmizlənmənin inkişaf məqsədi kimi elan olunması bütün dünyada ərazilərin minalardan təmizlənməsi və məxsusi olaraq Azərbaycanın özünün bu probleminin dünyaya çatdırılmasında nə kimi rol oynayacaq?

  • “Prezident bütün dünyanın diqqətinə bu humanitar böhranı çatdırmaqla bir daha Ermənistanın əməllərini ifşa etdi”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin 4 aprel-Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə yardım Günü münasibətilə sosial şəbəkədə paylaşımının çox böyük əhəmiyyəti var. “Azərbaycanın son 30 ildə mina terrorundan b öyük ziyan çəkdiyi məlumdur. Ermənistan tərəfindən həyata keçirilən mina terroru nəticəsində 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub. Bunu Prezident xüsusi vurğulayıb və Azərbaycanın ən çox mina ilə çirklənmiş ölkə olduğunu qeyd edib. 30 il ərzində Ermənistanın bizim ərazilərə 1 milyondan artıq mina basdırması bunun böyük humanitar böhran olduğunu deməyə əsas verir. Prezident bununla Ermənistanın mina terrorunun yaratdığı humanitar böhranı və bu böhranla əlaqədar Azərbaycanın vəziyyətini, mübarizəsini dünya ictimaiyyətinə çatdırmış oldu. Bizim ölkəmizdə mina böhranın bütün dünyanın diqqətini cəlb etməsi çox vacibdir. Azərbaycan olaraq mina terroruna qarşı apardığımız mübarizədə beynəlxalq aləmin dəstəyini istəyirik. Mina təkcə Azərbaycanın yox, bütün regionun, dünyanın problemidir”.

S.Adıgözəlli qeyd etdi ki, yalnız işğal və müharibə dövüründə deyil, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatından sonra da Ermənistan mina terrorundan əl çəkməyib və bu dövr ərzində bizim 300-ə qədər vətəndaşımız minaya düşüb, onun 50 nəfəri həlak olub. “Azərbaycan bu gün dünyada minalanmış ərazilərə sahib bir ölkə kimi ciddi dəstəyə ehtiyac duyur.  Prezident bütün dünyanın diqqətinə bu  humanitar böhranı çatdırmaqla bir daha Ermənistanın əməllərini ifşa etdi. Hesab edirəm ki, bu təşəbbüs Azərbaycanın mina probelminin dünyaya çatdırılmasında mühüm rol oynayacaq. Azərbaycanın humanitar minatəmizləməni milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan etməsi həm Azərbaycanın, həm də dünyada minadan əziyyət çəkən digər ölkələrin bu probleminin daha dəqiq və həssas şəkildə dünyaya çatdırılması, ona dəstək qazandırılması baxımından faydalı olacaq”.

S.Adıgözəlli qeyd etdi ki, Prezidentin bəyanatında yer alan məsələlər bütün dünya üçün vacibdir və bunun həm dünya, həm də region üçün əhəmiyyəyti var. O, vurğuladı ki, Azərbaycan bu vacib proqramı həyata keçirməyə başlayarkən dünyada mina böhranından əziyyət çəkən ölkələrin bu layihə ətrafında birləşməsinə, qrup yaratmasına ciddi zərurət var ki, Azərbaycan artıq Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib. “Bu, Azərbaycanın irəli sürdüyü yeni bir təşəbbüsdür ki, artıq bu istiqamətdə Azərbaycan Prezidenti çıxış edib. Hesab edirəm ki, bu məsələ mütləq şəkildə öz effektini verəcək, Azərbaycanın bu təklifi, təşəbbüsü də beynəlxalq aləm tərəfindən ciddi dəstək qazanacaq”-deyə S.Adıgözəlli qeyd etdi.

Leyla QARAXANLI

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …