Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Sahibə Qafarova Afinada mühüm bir şansı buraxdı – COVİD bu qədərmi böyük mövzu idi?..

Samir Adıgözəlli: “Qələbəmizi diplomatik cəbhədə də möhkəmləndirmək üçün mütləq mənada aktiv beynəlxalq təbliğat lazımdır”

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Yunanıstanın paytaxtı Afina şəhərində Parlament Sədrlərinin Avropa Konfransında iştirak edir.

Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edib. İki ilə yaxındır ki, bəşəriyyətin öz tarixinin ən təhlükəli pandemiyalarından birinə qarşı mübarizə şəraitində yaşadığını deyən spiker əminliyini bildirib ki, bu gün “COVID-19” pandemiyası ilə mübarizədə dövlətlər arasında əməkdaşlığa hər zaman olduğundan daha çox ehtiyac var. Peyvəndlər də daxil olmaqla, müalicə üsullarının inkişafındakı böyük elmi nailiyyətlərə baxmayaraq, pandemiya təxminən 5 milyona yaxın insanın ölümünə səbəb olub və “COVİD-19” pandemiyası bu gün də davam edir. Bu pandemiya dünyada yoxsulluğu daha da dərinləşdirib və cəmiyyətlərin həssas təbəqələrinin vəziyyəti daha da ağırlaşıb.

Spiker S.Qafarova böhranın sonrakı təsirlərinin bir çox ölkələrdə ciddi çətinliklərə səbəb olacağı, çətinliklə qazanılan inkişaf meyllərinə mənfi təsir edəcəyi, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq yolunda irəliləməyə mane olacağı ilə bağlı narahatlığını ifadə edib.

Çıxışında Sahibə Qafarova Azərbaycan dövlətinin COVİD-19 infeksiyasının ölkəmizdə aşkar edildiyi ilk günlərdən bu bəlaya qarşı həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan dünyanın pandemiyadan daha tez və daha az itkilərlə xilas olması üçün qlobal tədbirlərə dair tövsiyələr verə biləcək BMT-nin Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını məqsədəuyğun hesab edir.

Çox maraqlıdır ki, Parlamentin spikeri kimi mötəbər bir postu tutan Sahibə Qafarova bu cür tribunadan etdiyi çıxışda yalnız  COVİD-dən danışıb. Təbiidir ki, bu mövzudan da danışmaq olar, ancaq spikerin həm də 44 günlük müharibə, bunun nəticəsində Azərbaycanın yaratdığı reallıqlar, postmünaqişə dönəmində Ermənistanın ortaya qoyduğu qeyri-konstruktiv mövqe haqda çıxış etməsinə də böyük ehtiyac vardı. Çünki belə ciddi toplantılarda biz verilən şansı dəyərləndirməliyik. Sahibə Qafarovanın həmin tədbirdə seçdiyi çıxış taktikasını necə dəyərləndirmək olar?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Sahibə Qafarovanın sözügedən tədbirdə yalnız COVİD-dən danışmasını yanlış diplomatik addım sayır: “Azərbaycanın COVİD-lə mübarizə sayəsində əldə etdiyi uğurları da diqqətə çatdırmaq lazımdır. Çünki biz həmin sahədə də ciddi uğurlara imza atmışıq. Bizim əldə etdiyimiz nailiyyətlər dünyaya örnək kimi təbliğ edilib. Cənab Prezident də dəfələrlə bu mövzuda çıxışlar edib. Ancaq Prezidentin çıxışlarını təhlil etsək, bütün məmurlara örnək ola biləcək bir nümunənin şahidi olarıq. Cənab Prezident nədən danışırsa, hansı mövzuda müsahibə verirsə, mütləq mənada Qarabağ məsələsinə toxunur, bu yöndə olan erməni yalanlarını ifşa edir. Biz bunun həm münaqişənin mövcud olduğu dönəmdə, həm də 44 günlük müharibədən sonrakı dönəmdə şahidi olmuşuq. Ən əsası isə, müharibənin getdiyi dönəmdə Prezidentin xarici mediaya verdiyi müsahibələri buna misal göstərə bilərik. Ola bilər ki, Sahibə Qafarovanın iştirak etdiyi tədbirdəki məruzə COVİD-lə bağlı olub. Ancaq bu heç də əsas vermir ki, o cür mötəbər tədbirdəki tribunadan yararlanmayasan. Mütləq mənada bu imkanı dəyərləndirmək lazımdır. Biz müharibəni udmuşuq, ancaq diplomatiya sahəsində gərgin savaş gedir. Qələbəmizi diplomatik cəbhədə də möhkəmləndirmək üçün mütləq mənada aktiv beynəlxalq təbliğat lazımdır. Ali dövlət postlarında çalışan məmurlarımız isə xüsusilə bu istiqamətdə fəallıq etməlidirlər. Əlimizə keçən bütün tribunalardan yaratdığımız yeni reallıqlar, Ermənistanın üzərinə düşən öhdəliklərə əməl etməməsi haqda danışıb, aktiv təbliğatımızı aparmalıyıq”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …