Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Rusiya fəxri konsulluğun dağıdılmasına görə məsuliyyət daşıyır və buna görə Azərbaycandan üzr istəməlidir”

Məlum olduğu kimi, martın 6-da Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası vurulub. Rusiya qoşunları tərəfindən fəxri konsulluğun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binasının ciddi dağıntılara məruz qaldığı bildirilir. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yararsız hala düşüb.

Azərbaycan konsulluğunun binasının dağıntılara məruz qalması hadisəsi ölkəmizdə ciddi narazılıqla qarşılanıb. Ölkənin tanınmış şəxslərinin, ictimai-siyasi fəallarının bir qismi qeyd edir ki, bu məsələdə Rusiya məsuliyyət daşıyır və Azərbaycana kompensasiya ödəməlidir. Əksini düşünənlər də var, Rusiyanın bunu qəsdən etmədiyini deyənlər də yox deyil. Bir sözlə, bu sahədə bir-birinə əks olan fikirlər, mövqelər mövcuddur. Rusiyanı tamamilə günahsız çıxaranlar, onun Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunu hədəfə almadığını, hadisənin təsadüfən baş verdiyini irəli sürənlər də, onu günahlandıranlar da var. Bir sözlə, bu istiqamətdə xeyli mübahisəli fikirlər mövcuddur.  

  • “Rusiya tərəfi beynəlxalq qaydalara uyğun olaraq vurduğu ziyanı kompensasiya etməlidir”

Müharibənin ilk günlərində Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğuna sığınan vətəndaşlarımızdan olan İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binası da  aviazərbələrə məruz qalıb və bu çox üzücü bir haldır. “Onu bildirim ki, müharibə başlayan vaxt biz Xarkovda idik və həmin tarixdən də Fəxri Konsulluqda yerləşdik, 5 gün orada qaldıq. Fəxri konsulumuz Əfqan Salmanovla, konsulluğun əməkdaşları ilə  bərabər vətəndaşlarımızın Xarkovdan təxliyəsi istiqamətində gecə-gündüz çalışdıq. Bildirim ki, orada qaldığımız 5 gün ərzində Xarkov 3 tərəfdən mühasirəyə alındı, ağır artilleriya silahlarından atəşə tutuldu, bütün hadisələr gözümüzün qarşısında baş verdi. Azərbaycan vətəndaşlarının əksəriyyəti gəlib Fəxri Konsulluğumuza sığınırdı, oradan da təxliyə olunurdular. Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu öz işini çox mükəmməl şəkildə davam etdirdi. Raket zərbələri zamanı da onlar iş yerlərini tərk etmədilər. Raketlər işə düşəndə aşağı – sığınacağa enirdik, sonra yuxarı qalxırdıq. Xarkovda vəziyyət kritikləşəndə İSBAM-ın nümayəndələri olaraq bu şəhəri tərk etdik. Nəticə də göz qabağındadır…Orada o qədər böyük təhlükələr vardı ki, biz hətta erməni təxribatçılarından şübhələnirdik. Yəni ermənilər gəlib konsulluğu partladardı və bunu rusların etdiyini deyərdilər. Bundan ehtiyat edirdik”.

S.Adıgözəllinin sözlərinə görə, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun dağıdılmasına münasibətdə bəzi deputatlar, ictimaiyyətdə tanınan şəxslər düzgün yol tutmur, onlar buna görə Rusiyanın məsuliyyət daşımadığı fikrini dövriyyəyə buraxırlar, amma səhv edirlər. “Bəzi deputatlar, siyasilər deyir ki, Azərbaycanın Fəxri Konsulluğunun dağıdılmasına görə Rusiya üzr istəməməlidir, bu hadisələr Azərbaycana qarşı deyil və sair. Bu fikirdə olan deputatların, siyasilərin qorxub-çəkinmələrini anlaya bilmirəm. Niyə qorxurlar?  Əvvəla, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun yerləşdiyi binanın yanında nə bir hərbi obyekt, nə bir inzibati bina var, nə də polis idarəsi, hüquq-mühafizə orqanlarının binaları yerləşir. Mən o ərazini çox yaxşı tanıyıram və orada yalnız yaşayış binaları yerləşir. Yəni orada hansısa bir hərbi, strateji obyekt yoxdur. Çox təəssüflər olsun ki, Rusiya Ukraynaya qarşı hərbi təcavüzündə mülkü obyektləri, infrastrukturu, dinc əhalini hədəfə alıb. Bu vandalizmdir. Bununla yanaşı, həm də Rusiya hərbiçiləri tərəfindən Azərbaycanın Fəxri Konsulluğunun hədəfə alınması artıq beynəlxalq konvensiyaların pozulmasıdır. 1963-cü ildə qəbul olunmuş Vyana Konvensiyasına əsasən konsulluq və fəxri konsulluqlar qorunur, onların təhlükəsizliyi təmin olunur, onların inzibati binalarının qorunmasına təminat verilir. Rusiya Azərbaycanın Fəxri Konsulluğunun binasına qəsdən, bilərəkdən aviazərbə endirməsə də belə, yenə də Azərbaycandan üzr istəməlidir. Ola bilsin, Rusiya tərəfi deyə bilər ki, qəsdən etməmişik, bilməyərəkdən edilib və sair. Amma yenə də Azərbaycandan üzrxahlıq edilməlidir. Rusiya prezidenti də, hərbi rəhbərliyi də bildirir ki, biz yalnız Ukraynanın hərbi potensialını hədəfə almışıq. Siz necə Ukraynanın hərbi potensialını hədəfə alırsınız ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunu darmadağın etmisiniz? Rusiya Fəxri Konsulluğun dağıdılmasına görə məsuliyyət daşıyır və buna görə də, Azərbaycandan üzr istəməlidir”.    

S.Adıgözəlli hesab edir ki, buna görə Rusiya kompensasiya ödəməyi də düşünməlidir. O qeyd etdi ki, düzdür, insan tələfatı olmayıb, amma Fəxri Konsulluğun binası aviazərbə nəticəsində dağıdılıb, əməkdaşların avtomobillərinə ciddi ziyan dəyib. “Konsulluğumuzun binası yararsız bir vəziyyətə düşüb və bu da konsulluğun fəaliyyətini tamamilə iflic vəziyyətinə salıb. Ona görə də, Rusiya tərəfi beynəlxalq qaydalara uyğun olaraq vurduğu ziyanı kompensasiya etməlidir. Dediyim kimi, burada beynəlxalq hüquq normaları, beynəlxalq konvensiyalar pozulub. Biz bilirik ki, Fəxri Konsulluğun işi ölkələr, xalqlar arasında mədəni-hümanitar, iqtisadi əlaqələri, dostluq münasibətlərini inkişaf etdirməklə bağlıdır. Fəxri Konsulluqların öz statusu var və onun statusu Vyana konvensiyası ilə müəyyənləşib. Bunu da Rusiya dövləti bilməmiş deyil. Rusiyanın da müxtəlif ölkələrdə fəxri konsulluqları var. Əgər Rusiya Federasiyasının xarici ölkələrdəki fəxri konsulluqlarının binası müharibə zamanı ciddi zərbə alardısa, dağıntıya məruz qalardısa Rusiya da mütləq kompensasiya və üzrxahlıq tələb edərdi. Bu tələb normal tələbdir. Biz də tələb etməliyik və hesab edirəm ki, Rusiya da bunun fərqində olmalıdır” – deyə S.Adıgözəlli vurğuladı.

İradə SARIYEVA

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …