Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Söhbəti ermənilərin tələbi olan statusdan başlamaq fayda verən deyil”

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, ölkəsi Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla danışıqları bərpa etməyə hazırdır.

Paşinyan danışıqlarla bağlı ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözlədiyini bildirib: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin danışıqları bərpa etməklə bağlı çağırışlarına geri dönərək demək istəyirəm ki, Ermənistan ən yüksək səviyyəli danışıqlarda iştirak etməyə hazırdır. Biz konkret təkliflər gözləyirik”.

Paşinyanın sözlərinə görə, İrəvan regional kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı Azərbaycan, Ermənistan, Rusiya Baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın işini də bərpa etməyə hazırdır: “Düşünürəm ki, regional kommunikasiyaların açılması məsələsini tezliklə həll etmək lazımdır. Tezliklə regional kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı Baş nazir müavinlərinin komissiyasının işini bərpa etməli, regionda yeni iqtisadi və kommunikasiya imkanlarının həyata keçirilməsi baxımından daha fəal olmalıyıq”.

Paşinyanın bu təklifinə rəsmi Bakı hansı cavabı verməlidir?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, Paşinyanın belə təkliflə çıxış etməsi normaldır: “Ancaq Paşinyanın hansı formatda danışıq istəməsi açıqlanmır. Daha doğrusu, buna Paşinyan işarə edir və ATƏT Minsk Qrupu formatının adını çəkir. Eyni zamanda, kommunikasiyaların bərpasının zəruriliyindən danışır. Rəsmi Bakı da iqtisadi əməkdaşlıq yollarının bərpasını istəyir, bunu yubadan Ermənistandır. Ancaq Ermənistan heç bir ilkin şərt irəli sürmədən həmin əlaqələri bərpa etməlidir. Çünki üzərinə bununla bağlı ciddi öhdəliklər götürüb. Yaxşı olar ki, Paşinyan birbaşa , heç bir vasitəçilər olmadan danışıqlara razılıq versin.

Vasitəçi Gürcüstan ola bilər. Hətta görüş də Tiflisdə keçirilsə yaxşı olar. Biz Gürcüstanın hərbi diversantlar məsələsində nümayiş etdirdiyi vasitəçilik missiyasının uğurluluğunu gördük. ATƏT-in Minsk Qrupu formatında danışıqların bərpası uğurlu model deyil və Azərbaycan bunu birmənalı olaraq rədd edir. Çünki bu təsisat 30 il heç bir uğura imza ata bilməyib. İndiki məqamda isə daha çox Qarabağdakı ermənilərə statusun verilməsindən danışırlar. Təbiidir ki, biz bu təklifi rədd edirik. Buna görə də, Paşinyan Minsk Qrupu həmsədrlərinin istəyinə uyğun davranış ortaya qoymamalıdır.

Konstruktiv mövqeyə çalışırsa, heç bir ilkin şərt olmadan birbaşa təmasa keçməlidir. Yalnız bundan sonra uğurlu nəticələr əldə oluna bilər. Söhbəti ermənilərin tələbi olan statusdan başlamaq fayda verən deyil. Ermənistan təxribatdan əl çəkib sərhədin müəyyənləşməsini bitirməlidir, bununla paralel kommunikasiyaların bərpası həyata keçməlidir. Belə olacağı halda, Ermənistanın özü də iqtisadi rəzalətdən qurtarar”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …