Cümə axşamı , 9 May 2024
Drone Cameras

Samir Adıgözəlli: “Şuşa” adından istifadə birdəfəlik həmin KVN komandasına qadağan edilsin”

Çox təəssüflər olsun ki, bizim içimizdə də erməniyə “dost” deyənlər, onlarla “sülh bağlayanlar” var. Belələri, fürsət düşən kimi erməni sevgilərini biruzə verirlər, özü də açıq-aşkar. Biz bunun nümunəsini Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını ermənilərin “tələbi” ilə “Buta” olaraq dəyişdirməsində gördük.

Komandaya rəhbərlik edən Müşfiq Abbasov açıq şəkildə dedi ki, komandanın adının “Şuşa” olması ermənilərdə qıcıq yaradıb, Ruben və Araik adlı şəxslər ondan komandanın adının dəyişdirilməsini tələb edib. “…Birinci turdan sonra iclas oldu. İclasda redaktorlardan biri – Araik soyadlı redaktor dedi ki, filan komandalar ikinci tura keçir, “Şuşa” komandası yalnız adını dəyişsə, iştirak edə bilər. O söylədi ki, mənə bunu Ruben deyib. Ruben adlı burda bir nəfər var – o, Maslyakovun müavinidir. Ruben Jaqinyan orada vəzifə və söz sahibidir.

Dedim ki, olar qərarı Maslyakov versin? Dedilər, yaxşı. İkinci turda hansı komandaların oynayacağını Ruben həll edir. Dedik ki, onda ikinci tur üçün adımızı dəyişək, Ruben bizi buraxsın, icazə versin ki, ikinci turda iştirak edək”, M.Abbasov bildirib.

Bunu böyük bir rəzillik adlandıran İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində bildirdi ki, bu barədə əsəbləşmədən danışmaq olmur. O, hesab edir Azərbaycan KVN komandasının “Şuşa” adından hansısa bir Rubenə, Araikə görə imtina etməsi bağışlanılmaz səhvdir və o adamların indən sonra komandanın adını qaytarmasının da heç bir əhəmiyyəti yoxdur: “Müşfiq Abbasovun bu rəzil davranışı, ermənilərin qabağından qaçması bizim cəmiyyəti çox ciddi narahat etdi.

Elə bir adam yoxdur ki, bunda narazı olmasın. Erməni kimdir ki, sənin qarşına şərt qoyur, səndən “Şuşa” adını dəyişməyi tələb edir? Çox təəssüf ki, Azərbaycanın KVN komandası özünü qalib ölkənin təmsilçisi kimi apara bilmədi. Təsəvvür edin ki, “Şuşa İlində” “Şuşa” komandasının adının dəyişdirilməsi necə böyük rəzillikdir.

Artıq sosial şəbəkələrdə də açıq şəkildə bəyan edilir ki, “Şuşa” adından istifadə birdəfəlik həmin KVN komandasına qadağan edilsin. İgid, qalib Şuşanın adını qorxaqların təmsil olunduğu bir komandanın daşıması ayıbdır. O komanda Şuşa adına layiq deyil. Onların bu hərəkəti Şuşanı dişi-dırnağı ilə azad edən oğulların ruhuna təhqirdir.

İnanın ki, Müşfiq Abbasovun hərəkətindən hamı əsəb keçirib. Deyir ki, komandanın adını bərpa edib, indən sonra bu nəyə lazımdır, nəyə yarayasıdır. Lazımı məqamda Şuşanın təəssübünü çəkmədin, onu Rubenin sözü “Buta” ilə əvəzlədin, indi də deyirsən ki, bərpa etdim. Hesab edirəm ki, ictimai qınaq öz yerində əlaqədar qurumlar da KVN komandasına lazımı dərs verməlidir” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü başlayıb. Bu barədə “Report”un əməkdaşı xəbər …