Cümə , 19 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: “Tağıyevə Bakının mərkəzində milyonçu olduğuna görə deyil, xeyriyyəçi olduğuna görə abidə qoyulub”

“Prezident müasir milyonçulara tarixə düşməyin, xalqın yaddaşında qalmağın yolunu göstərdi”

“Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı…”

Bu sözləri Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib.

Prezident bildirdi ki, Tağıyev tarixdə zəngin adam kimi yox, xeyriyyəçi kimi qalıb. Prezidentin bu sözləri müasir iş adamları üçün necə çağırışdı?

İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində bildirdi ki, Azərbaycan tarixində xeyriyyəçi kimi mühüm yer tutan Hacı Zeynalabdin Tağıyev kimi bir şəxsiyyətin Bakının mərkəzində abidəsinin qoyulması çox mühüm hadisədir. “Bu təkcə Tağıyevin şəxsiyyətinə olan qiymət deyil, bütövlükdə Azərbaycan tarixinə verilən dəyərdir. Cənab Prezidentin Tağıyevin məhz xeyriyyəçi kimi tarixdə qaldığını ifadə etməsi müasir milyonçulara bir mesajdır. Tağıyev zəngin adam kimi ortaya çıxsa da, xalqımızın yaddaşında xeyriyyəçi kimi həkk olunub. Hətta bir çoxlarının Tağıyevi millət atası adlandırması təsadüfi deyil, çünki elə bir sahə yoxdur ki, orada onun izləri olmasın, təhsildən tutmuş mədəniyyətə, ictimai həyata qədər hər yerdən onun adı keçir. Xalq Tağıyevi zəngin, milyonçu olduğu üçün yox, məhz xeyriyyəçi olduğu, xalqın balalarına can yandırdığı, onları oxutduğu üçün yaddaşında qoruyub saxlayıb. Yəni o öz qazancını, varidatını yalnız öz ailəsinin, ətrafının firavan yaşaması üçün xərcləmədi, öz pulunu xalq yolunda xərclədi. Cənab Prezident də nitqində məhz bu amilləri vurğulamaqla müasir milyonçulara da Hacı Zeynalabdin Tağıyevin yolu ilə getməyi tövsiyə etdi. Məncə, az-çox düşünmək qabiliyyəti olan iş adamları bundan nəticə çıxarmalıdır. Onlar unutmamalıdır ki, bu pulu xalqdan qazanıblar və bu vəsaiti də xalq üçün xərcləməlidirlər. Bəzi iş adamlarımız bizim ölkədə qazandığı pulları kənar ölkələrə aparır və başqalarına fayda verir”.

S.Adıgözəlli hesab edir ki, iş adamları, milyonçular Tağıyevin Azərbaycanda xeyriyyəçilik məktəbinin davamçıları olmalıdır. “İnsan tarixdə iki şeyə görə qala bilir – pis və yaxşı əməllərinə görə. Tağıyev yaxşı əməllərinə görə qalıb, bizim müasir milyonçular da tarixdən izlərinin silinməsini istəmirlərsə, Tağıyevin yolu ilə getməlidirlər. Tağıyevə Bakının mərkəzində milyonçu olduğuna görə deyil, xeyriyyəçi olduğuna görə abidə qoyulub. Xalqımızın da, dövlətin də müasir milyonçulardan gözləntiləri çoxdur. Onlar təkcə pul qazanmaq haqda düşünməməlidir. Müasir milyonçular Tağıyevdən örnək götürsələr indidən öz sabahlarını müəyyən etmiş olarlar. Yəni onlar da xalqın yaddaşında, tarixində qala bilərlər. Bu baxımdan, Prezidentin bu mühüm mesajı milyonçular üçün maraqlı olmalıdı. Prezident müasir milyonçulara tarixə düşməyin, xalqın yaddaşında qalmağın yolunu göstərdi”- deyə S.Adıgözəlli bildirdi.

İradə SARIYEVA

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …