“İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin yalanlarını ifşa etməklə sülhməramlı adlandırılan hərbi kontingenrtin öz səlahiyyətlərindən kənara çıxdığını bir daha sübut edib. İnsdentlə bağlı məlumatı əks etdirən görüntülərdən də aydın olub ki, sülhməramlılar erməni separatçılarına dəstək verib, onların yaralarını sarıyıb təxliyə edib.
- “Bizim Müdafiə Nazirliyi onların yalanlarını faktlarla ifşa etdi”
İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində qeyd etdi ki, riyakarlıq, ikiüzlülük Rusiya Müdafiə Nazirliyinə xas xüsusiyyətdir. S. Adıgözəlli vurğuladı ki, Rusiya Müdafiə Nazirliyi ilk dəfə deyil bu cür həqiqətə uyğun olmayan məlumatlar yayır və hər dəfə də Azərbaycan Müdafiə Nazirliyi bu yalanı ifşa edir. Son insident zamanı rus sülhməramlılarının separatçılara dəstək olduğunu, onların yaralı separatçıların yaralarını sarıdıqlarını, onları təxliyə etdiklərini deyən S.Adıgözəlli qeyd etdi ki, onlar yalnız ermənilərin qeydinə qalıblar, Azərbaycan hərbiçiləri, yaralıları, şəhidləri ilə isə maraqlanmayıblar. Ekspert deyir ki, bu azmış kimi, yalandan məlumat yayıblar ki, guya bizim tərəfə kömək ediblər :”Erməni separatçılarının Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə, yəni Azərbaycan torpaqlarına gətirməsi faktı aşkar edildi. Nəticədə məlum insident baş verdi. İnsident zamanı sülhməramlıların tutduğu mövqe hər kəsə məlumdur. Separatçılara qol-qanad, ürək-dirək verən də onlardır. Qanunsuz dəstələrin, separatçıların Azərbaycan hərbiçilərinə silahla atəş açması nəticəsində baş verən insidentin məsuliyyətini rus sülhməramlıları daşıyır. Bəli, Azərbaycan yaxşı bilirdi ki, sözügedən yoldan istifadə etməklə separatçılar Azərbaycan ərazisinə silah-sursat daşıyırlar, canlı insan qüvvəsi gətirirlər və gələcəkdə orada ciddi təxribata hazırlaşırlar. Azərbaycan dövləti baş verənlər nəticəsində bir daha sübut etdi ki, separatçıların məqsədi növbəti dəfə təxribat törətməkdir. Ermənilərin bu təxribatı rus sülhməramlıların gözləri qarşısında baş verdi. Təəssüflər olsun ki, onlar erməni separatçılarının tərəfini tutdular, insidentin bir az da irəli getməsi üçün əllərindən gələni etdilər. Sülhməramlıların bizə qarşı niyyətləri çılpaqlığı ilə ortadadır. Baş vermiş son hadisə zamanı, hətta sülhməramlıların Azərbaycanı “günahlandırmaq” cəhdləri də oldu. Bu qətiyyən yolverməzdir və hansısa iddiada bulunmaq onların staruslarından kənara çıxıb qanunsuz davranışının göstəricisidir. Sülhməramlı orada dayanıb ki, hər hansı bir insident baş verməsin, o orada dayanmayıb ki, separatçılara arxa-dayaq olub onların təxribat törətməsinə imkan yaratsın.
Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında əks olunan fikirlər tamamilə reallığa söykənir. Rus sülhməramlılarının bizim yaralılara hər hansı bir yardım göstərmədiyi ortadadır. Yalan informasiyalar yaymaqla Rusiya Müdafiə Nazirliyi ikiüzlülük, riyakarlıq etdiyini ortaya qoyur”.
S.Adıgözəlli deyir ki, iki ildən artıqdır onlar oradadır, amma bir dəfə də olsun obyektivlik göstərməyiblər, əksinə, həmişə separatçıların maarqlarını güdüblər. Ermənilərə ora silah daşımağa sülhməramlılar şərait yaradır, onların silahlanmasına göz yumur, bəzən aşkar, bəzən gizlin dəstək göstərir deyən müsahibimiz hesab edir ki, sülhməramlılar öz statuslarına uyğun hərəkət etmirlər. “Onlar həqiqətə uyğun olmayan açıqlama verməklə dünyaya göstərmək istəyirlər ki, obyektivdirlər, mandatlarına uyğun hərəkət edirlər. Əslində isə belə deyil. Bizim Müdafiə Nazirliyi onların yalanlarını faktlarla ifşa etdi”-deyən S.Adıgözəllinin fikrincə, sülhməramlıların fəaliyyəti qətiyyən öz mandatlarına uyğun deyil.
İradə SARIYEVA