Avqustun 1-də işğal illərində Şuşada yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib. O, Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib. Məlumat Ermənistan mətbuatında yayılıb.
Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev kirayəsini 100 min dramdan 150 min dramadək artırıb. Erməni qadın müvafiq qurumlara kömək üçün müraciət etdiyini və artıq itirəcək heç nəyinin olmadığını bildirib. O, həmçinin, uşaqların atasının uzun illər öncə ürək tutmasından öldüyünü də qeyd edib. Xatırladaq ki, son vaxtlar erməni əsilli vətəndaşların Azərbaycan hakimiyyətinə pənah gətirməsi halları çoxalıb. Bu vəziyyət nədən qaynaqlanır və daha kütləvi hal ala bilərmi?
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq neçənci dəfədir belə halla rastlaşırıq: “Bir müddət əvvəl Azərbaycanın Xankəndi şəhərində yaşayan bir qrup erməni iş üçün Şuşadakı Azərbaycan hərbçilərinə müraciət etmişdi. Bu kadrların əks edildiyi videoda ermənilərin Rusiya sülhməramlı hərbçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığı qəbul etməyə hazır olduqlarını bildirdikləri nümayiş olunurdu. Ermənilər Azərbaycan dövlətindən iş istəyirdilər. Onlar bildirirdilər ki, çox bərbad vəziyyətdə yaşayırlar. Xankəndidə iş, çörək olmaması səbəbindən ac qaldıqlarını deyirdilər. Azərbaycan dövlətindən xahiş edirdilər ki, onları vətəndaşlığa qəbul edib, iş versin. Həmçinin bəyan edirdilər ki, Xankəndi əhalisinin əksəriyyəti Azərbaycan dövlətinin Qarabağda apardığı yenidənqurma işlərinə dəstək verməyə hazırdır. Azərbaycan hərbçiləri isə ermənilərin xahişlərini lazımı dövlət qurumlarına çatdıracaqlarına söz verdilər. Daha sonra sözügedən ermənilər Rusiya sülhməramlılarının müşayiətilə Xankəndiyə geri qayıtdılar. Hesab edirəm ki, biz edilən hər bir müraciətin səmimiliyinə də inanamamalıyıq. Əvvəlcə onların kimliyi dəqiq araşdırılmalıdır. Əgər 1992-ci il yanvarın 1-dən əvvəl Azərbaycan ərazisində yaşayıblarsa və ya həmin adamların övladlarıdırsa, onların müraciətinə baxmaq olar. Vətəndaşlıqlarını təsdiq etdikdən sonra onların məşğulluq məsələsi nəzərdən keçirilə bilər. Qarabağın bütün ərazisi hüquqi baxımdan bizim yurisdiksiyadadır, faktiki baxımdan isə kiçik bir hissəsi nəzarətimizdən kənardı. Azərbaycan vətəndaşlığını qəbul edəndən sonra bu məsələ pilləli həllini tapa bilər. Bəlkə onların hansısa təxribat planı var? Kənardan ora gələn ermənilərin vətəndaşlığı məsələsinə fərqli baxılmalıdır. Ya vətəndaşlıq verilə bilər, ya da imtina olunar. Əgər onlardan hansılarsa bu proseduru keçməyə hazırdırsa, bəzəilərini nəzarətimiz altında olan quruculuq işlərinə cəlb edə bilərik”.
İSBAM sədrinin sözlərinə görə, biz bu cür müraciətlərə xüsusi həssaslıqla yanaşmalıyıq: “Ermənilər bunu kampaniyaya da çevirə bilərlər ki, biz gedib Azərbaycan rəsmi dairələrindən iş istəyirik, onlar bizi təmin etmir. Buna görə də məsələyə təmkinlə, qanun çərçivəsində yanaşmaq lazımdır. Ancaq mən burada, təxribatdan daha çox, səmimi niyət görürəm. Çünki ermənilərin başqa çıxış yolu qalmayıb. Ermənistanda Qarabağdan gedən erməniləri geri qayıtmağa məcbur edirlər. Qarabağda isə bir ovuc separatçı onların normal yaşayışına imkan vermir. Ermənilər başa düşür ki, belə yaşayışın sonu yoxdur. Ona görə də yeganə çıxış yolunu Azərbaycanın vətəndaşlığını qəbul etməkdə görürlər. Yaxın zamanlarda belə müraciətlərin sayı daha da artacaq. Biz bununla bağlı xüsusi konsepsiya hazırlamalıyıq. Bu cür müraciətlə bağlı hamıya eyni istiqaməti göstərməliyik”.
Məhəmmədəli QƏRİBLİ