Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Saxta general İsmayıl Zalova güc strukturları, məhkəmələrdə monitorinq aparmağa vəkalətnamə verib”

Ilk dəfə olaraq “Bakı-Xəbər” qəzetinin barəsində araşdırma apararaq yazdığı cinayətkar şəbəkənin ifşa olunaraq, rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı rəsmi məlumat yayılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib, təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb. Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb. Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.

F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər maddi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.

Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda F.Ələkbərovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, saxta “general”ın əməllərindən zərərçəkənlərdən biri də Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevdir. O, “Bakı-Xəbər”ə açıqlamasında qaldırılan cinayət işi ilə bağlı zərərçəkən kimi tanındığını təsdiqləyib: “Əvvəla qəzetinizə və şəxsən bir prinsipial jurnalist olaraq sizə dərin minnətdarlığımı bildirirəm. Çünki ilk dəfə bu şəbəkənin qanunsuz fəaliyyəti ilə bağlı sizin apardığınız araşdırma ilə tanış oldum. Bundan sonra bir az şübhələnməyə başladım. Mən bu təşkilata Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə üzv olmuşdum. Həbs olunan Firdovsi Ələkbərov mənə bildirmişdi ki, o mərkəzi qərargahı Parisdə olan təşkilatın Avrasiya bölməsinin rəhbəridir. Məndən də Azərbaycan nümayəndəliyinin yaradılması adı ilə 30 minə yaxın pul alıb. Sonra gördüm ki, nümayəndəlik qeydiyyatdan keçmir. Sizin də əvvəlki yazınızda qeyd etdiyiniz kimi, təşkilata heç də müsbət reputasiyası olmayan adamların cəlb edilməsi mənim şübhələrimi artırdı. Fransada yaşayan dostlarımı təşkilatın hüquqi ünvanına göndərdim. Məlum oldu ki, belə bir qurum orda yoxdur. Sən demə bu yalnız virtual aləm üzərindən qurulan bir təşkilat olub. Firdovsinin bir dostu da Kalininqradda yaşayır. Mən ona zəng etdim dedim ki, bəs bəh-bəhlə təriflədiyiniz təşkilat niyə öz “generalının” həbs edilməsi ilə bağlı bir münasibət bildirmir?”.

İsmayıl Ağayev deyir ki, Firdovsi Ələkbərov tərəfindən heç bir ali təhsili olmayan, heç vaxt rütbə daşımamış adamlara da yüksək hərbi rütbələr verilib: “Siz təsəvvür edin ki, İsmayıl Zalov adlı bir nəfərə güc strukturları, məhkəmələrdə monitorinq aparmağa icazəsinin olması ilə bağlı   vəkalətnamə verib. Mən bu cür əməllərə qəti etiraz etdim. Çünki mən DİN-də rəhbər vəzifələrdə işləmişəm. Bilirəm ki, belə ola bilməz. Bundan sonra Azərbaycandakı işləri idarə edən Firdovsi və İsmayıl Zalov mənimlə tərs getməyə başladılar. Hətta İsmayıl Zalova etdiyi bəzi lazımsız hərəkətlərlə bağlı etiraz edəndə məni müxalifətçi adlandırdı. Guya məni doğru olmayan bu  məlumatlarla şantaj etmək istəyirdi. Əminəm ki, Firdovsi Ələkbərov bu əməlləri tək törətməyib. Söhbət mütəşəkkil dəstədən gedə bilər. Bir şeyə də əminəm ki, onlar tərəfindən aldadılan yalnız 3 nəfər deyil. Yəqin ki, zərəçəkənlərin sayı artacaq”.

“Bakı-Xəbər” olaraq, biz həmin təşkilat tərəfindən formalar verilmiş şəxslərin fotolarını və bəzi saxta sənədlərin şəkillərini əldə etmişik. Onları oxucuların diqqətinə çatdırırıq.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …