Cümə , 17 May 2024
Drone Cameras

“Sevgili” Yunus…

Kim nə düşünür deyə bilmərəm. Amma Azərbaycana müstəqilliyin möhtəşəm yüz ilini yaşadan üç nəhəng Azərbaycanlı kişi, siyasət adamı, lideri var, mənim baxış bucağıma görə. Məhəmməd Əmin Rəsulzadı, Əbülfəz Elçibəy, Heydər Əliyev.  Ardıcıllıq təxminən bu:

Birinci yaratdı, bünövrə qoydu, amma uzun müddət saxlaya bilmədi.

İkincisi, illər öncə daddığımız azadlığı yadımıza saldı, bərpa elədi.

Üçüncü, dadını bəyənib əldə elədiyimizin möhkəm olması yolunda nə desəniz elədi.

Biz bu üç millətçi, dövlətçi lider sayəsində düz yüz ildir varıq…

Türkiyə səfərlərinin birində mərhum Prezident Heydər Əliyev Məmməd Əminin məzarını yəqin ki, elə bu fədakarlığa görə, sayğısından ziyarət eləmişdi. Həm də hamıya lider nümunəsi göstərmişdi.

Sonra  Əbülfəz Elçibəy dünyasını dəyişəndə, bütün təhlükələri gözə alıb, onun cənazəsi önündə fəxri qaravulda durub, baş əydi.

 Bu dövlətçilik ənənsini anlayan, dəyər verən siyasətçinin çox böyük jesti idi. Həm Məmməd Əminin, həm Elçibəyin dəyərli olduğunu qəbul etmək idi. Artıq Heydər Əliyevin vəfatından illər ötüb.  Hər üçü tarix olub bu liderlərin.

Amma qoyulan ənənə davam etməkdədir. Məsələn, Cümhuriyyət-100 medalının, Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadəyə təqidm olunması, bunun çox ciddi göstəricilərindədir. Düşünürəm gələcəkdə daha geniş sferanı əhatə edəcək belə ədalətli addım və qərarlar.

Mənim aləmimdə olkənin yüz ilinin var olmasına görə borclu olduğumuz üç azərbaycanlı nəhəng qarşısında bizim bir də əbədi mənəvi borclarımız var. Bunlardan biri hər üç adama atılan camurun ən azı qarşısına keçməyi bacarmaq, bizim olanı sahiblənib, qorumaqdır.  

İndi ikinci hədəfdir, Əbülfəz Elçibəy. Azərbaycana xəyənət edən, ölkə xaricində dövlət, millət əleyhinə, çıxışları ilə populyarlıq qazanan, xidmət yerləri bəlli  Leyla Yunus deyir ki, Əbülfəz Elçibəy agentdir. O sovet “KQB”sinə xidmət edib. Sonra da hakimiyyəti Heydər Əliyevə təhvil vermək üçün müəyyən mərhələ Prezident olmağa razılaşıb. Yəni həm də əqidəsi olmayıb. Elə kiminsə adamı, iş icraçısı olub ömür boyu.

Hamı susur. Bir partiya adam, danışmır. ACX, ACXP-nin yaradıcısı, mənəvi lideri, ölkənin keçmiş Prezidenti, nufuzlu kişilərindən biri haqda milləti və dini bəlli olmayan birinin fikirlərinə reaksiya sıfırın altındadır.

Bu bir az pisdir, bir az əla, bir az da ayıb…

Pisdir, ona görə ki, Leyla Yunusla əlaqələrin pozulmasından və ya onun əlaqəli olduğu dairələrdən irad eşitməkdən qorxanlar var…

Əladır ona görə ki, susmaq məcburiyyəti çoxunun mahiyyətini ortaya qoyub…

Ayıbdır ona görə ki, bir millətin siması olan adamlardan birinə, xain biri, az qala vətən xaini deyir…

Amma neyləyəsən ki, o,  susan hər kəsin sevgili Yunusudur.

 Azərbaycanda törətdiyi qanunsuzluq üzündən saxlanılanda, başına çalma çalıb, xəstəyəm deyə haray salanda, Avropa Bakıdakı bütün diplomatlarını onun həbsxanadakı saxlama kamerası önünə yığmışdı. Sonra da necəsə çıxardı, necəsə apardılar, indi necə olur olsun danışdırırlar. Və təbii ki, ondan çox adamın alacağı qrantın taleyi də asılıdır. Bir də keçmişləri o qədər kirli ki, sərt danışsalar nələr, nələr bəlli olar?! Yəqin bunu bir Yunus bilir, bir susanlar, bir də gözəgörünməz…Ya da yox, sonuncunun, yəni gözəgörünməzin, Allahın, şeytan əməlindən xəbəri olmur deyirlər…

Beləcə susun, iblisanə şəkildə.Okeanın o tayından Rəsul Quliyev dilə gəlsin, amma siz susun.

Düzdür, AXCP-çilər, üzüyola Cəmil müəllimi azca qabağa verib danışdırmaqdan başqa heç nə etmədilər. Handan-hana Əli Kərimli də tərpəndi. Amma qorxunun əcələ faydası yox. Yəni ki, bir kəlmə haqqında danışan olanda yüz-iki yüz profildən beşmərtəbə söyüş gəlsə də, mərhum Prezident və lider haqqında Yunusun dediklərinə şapalaqaltı uşaları susdu AXCP-nin.

Düzü Leyla Yunusa təşəkkür eləməyim də gəldi. Sonra duruxdum. Dedim birdən mənim də sevimli Yunusum bilərlər onu, axı belə deyil. Vətən, dövlət, millət satan,  demək olar bütün ömrünü yaşadığı Azərbaycanın ən körpə vətəndaşını belə dünyaya erməni düşməni kimi təqdim edən Yunus mənim heç zadım ola bilməz.

O olsa-olsa, uşaqları bir əlində əlli sosial şəbəkə profili saxlayan, müxaliflərin sevimlisi ola bilər. Daha doğrusu “sevgili” Yunusu. Allah üzünüzü qara eləsin, daha nə deyim axı?!…Bir də ruhunuz bu vətən “fədailərini” bağışlamasın BÖYÜK KİŞİLƏR…

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …