Şimali Kipr Türk Respublikasında dərc edilən “Haber Güneş” qəzetində AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin (Kəngərli) “Türk yurdu Naxçıvan” sərlövhəli məqaləsi işıq üzü görüb.
Boyukmillet.com xəbər verir ki, məqalədə Naxçıvanın qədim tarixindən, ötən əsrdə burada gedən ictimai-siyasi proseslərdən, muxtar respublikanın əldə etdiyi tarixi nailiyyətlərdən ətraflı bəhs olunub.
Müəllif qədim Azərbaycan torpağı olan Naxçıvanın Türk dünyası üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb, bu gün üç tərəfdən düşmən əhatəsində olan muxtar respublikanın sosial-iqtisadi baxımdan sürətlə inkişaf etdiyini yazıb.
Məqalədə qeyd olunub ki, ötən illər ərzində vətənpərvərliklə görülən işlər nəticəsində qədim diyar mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. İslam dünyasında özünəməxsus yerə malik olduğuna görə Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı, eyni zamanda, burada aparılan uğurlu gənclər siyasətinin nəticəsi olaraq Azərbaycanın Gənclər Paytaxtı seçilib. İnamla demək olar ki, qədim abidələrlə, türk-islam mədəniyyətinin nadir nümunələri ilə zəngin olan Naxçıvan gələcəkdə Türk dünyasının Mədəniyyət Paytaxtı adına da layiq görüləcəkdir.
Müəllif yazır: “Türk qapısı” olan Naxçıvan türk birliyinin möhkəmlənməsinə də öz tarixi töhfəsini verib. 2009-cu ildə Naxçıvanda imzalanan Sazişlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyulub. Ötən il Naxçıvan Sazişinin 10-cu ildönümü bütün Türk dünyasında qeyd edilib. İki il bundan əvvəl Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib. Muxtar respublikada bütün sahələrdə, o cümlədən elmin və təhsilin inkişafında əldə edilən nailiyyətlər imkan verir ki, gələcəkdə burada ilk Türk Universiteti yaradılsın”.
Qeyd edək ki, Rauf Əliyev “Haber Güneş” qəzetində Kipr Türk Mətbuat Şurasının İdarə Heyətinin üzvü Gökhan Gülerin köşəsində qonaq yazar kimi çıxış edib. Məqalə ilə daha ətraflı https://ajans392.com/dunya/14241/turk-yurdu-nahcivan/?fbclid=IwAR3uK_tYV_L4xsCzUFbEZMfLrJtOJZm8nQBK9dTe1ZlfIOgE7-xgAsLMv1E linkindən tanış olmaq mümkündür.
(Azərtac)