Qazaxıstana ezamiyyət çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşının Şimkənd şəhərindəki Azərbaycan icmasının üzvləri və Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin azərbaycanlı tələbələri ilə görüşləri keçirilib.
Azərbaycan icması ilə Dostluq Evində baş tutan görüş zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Natiq İbrahimov rəhbərlik etdiyi diaspor təşkilatının fəaliyyəti barədə ətraflı məlumat verib.
Azərbaycan Mədəniyyət Mərkəzinin gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb. Mərkəzin nəzdində Qadınlar Komitəsinin yaradılması və Şimkənddə yasayan gənclərin diaspor fəaliyyətinə cəlb edilməsi məsələləri müzakirə edilib.
Komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr görüş iştirakçılarının nəzərinə çatdırılıb.
Görüş çərçivəsində Dostluq Evində yaradılmış şərait barədə Qazaxıstan Dövlət Şimkənd üzrə regional daxili idarətmə idarəsinin sədri – Xalqlar Asambleyası Şimkənd Dostluq evinin rəhbəri Erbol Baykonakov və müavini Bağlan İlesov ətraflı məlumat veriblər.
Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin azərbaycanlı tələbələri ilə görüşdə türk dövlətlərində yaşayan gənclərin diaspor quruculuğunda rolundan, yerli ictimaiyyətə sıx inteqrasiyasından, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğində fəal iştirakından danışılıb. Komitənin gənclərlə bağlı həyata keçirdiyi müxtəlif layihələrə diqqət cəlb edilib.