Söz sənətimizin və ruh dünyamızın tanınmış adamı Əli Hacının doğum günüdür. Əli Hacı bu günkü poeziyamızda sufiliyi yaşadan şairdi. Onun şeirləri orta əsr sufi şairlərinin əsərlərini xatırladır və həyatında da bu örnəyi yaşadır. Ruhunda və şerində Azərbaycan təmizliyi yaşadan şairimizi təbrik edir, ona Tanrıdan uzun ömür diləyirik.
Bir dəli ozan oldum
Öldürdü yetən məni.
Hər sözdə haqqa yendim
Öldürdü yetən məni.
Su oldum içilməyə
Yamandan seçilməyə.
Yol oldum keçilməyə
Öldürdü yetən məni.
Zər oldum nərd bilənə
Yar oldum dərd bilənə.
Qul oldum dərd bölənə
Öldürdü yetən məni.
Əkildim bir dən kimi
Biçildim sevdan kimi
Söküldüm bir dan kimi
Öldürdü yetən məni.
Get, ruhum göyləri gəz
Göy üzü tamah bilməz.
Yer üzü günah bilməz
Öldürdü yetən məni.