Sumqayıt şəhərində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hər gün keçirilən tədbirlər zamanı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin hər bir küçə və prospektində insanlarla izahedici söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırırlar.
Reydlər zamanı şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilir. Mağazalara maskasız daxil olan alıcılar və həmin obyektlərin əməkdaşları polislər tərəfindən müəyyən edilərək cərimələnirlər.
Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər barədə də cərimələr tətbiq edilib.
Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə profilaktik söhbətlər aparılaraq onlara pandemiya ilə mübarizənin vacibliyi izah edilib. Bir daha vətəndaşlarımızdan xahiş və tələb olunur ki, koronovirusla mübarizədə tətbiq edilən qaydalara əməl etsinlər.