Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Şuşa daxil, bütün azad ərazilərimizdə həyat bu ardıcıllıqla bərpa olunacaq – Prezident Şuşaya “diş qıcayanlara” ən düzünü dedi…

Samir Adıgözəlli: “Bu baxımdan da ölkə başçısının verdiyi “yol layihəsi” ən idealıdır”

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdış prosesi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.  Dövlət başçısı bütün işlərin ardıcıllıqla həyata keçirildiyini bildirib:

“Mən bu ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə demişəm ki, biz hansı işləri görəcəyik, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər nə vaxt qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu böyük bir prosesdir. Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər, əlbəttə ki, başa çatmalıdır”.

Prezident qeyd edib ki, ondan sonra ziyanın qiymətləndirilməsi həyata keçirilməlidir. Əgər ziyanın qiymətləndirilməsi həyata keçirilməsə, sabah təzminat davasında da uğur qazanmaq olmaz:

“Ona görə də, ilk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır. Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma aparılmalıdır. Hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni bu ardıcıllıq budur”.

Dövlət başçısının sözlərinə görə, bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Çünki infrastruktur olmasa, orada insan yaşaya bilməz:

“Su yox, işıq yox, yol yoxdursa, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox – “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan durub deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək? Orada adam yoxdur”.

Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı təqdim etdiyi qrafik barəsində ekspertlər nə düşünür?

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin  (İSBAM) sədri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısının bu istiqamətdə etdiyi çıxışda iki mühüm məqam var: “Birincisi, səfalı məkanlara tələsən məmurlarla bağlı, ikincisi isə həmin ərazilərə qayıdışla əlaqədar. Çox maraqlıdır ki, Prezidentin qeyd etdiyi məmurlar nədənsə başqa yerlərdən daha çox öz füsünkarlığı ilə seçilən Şuşaya meyl edirlər. Təbiidir ki, onların bu addımlarında səmimiyyət olduqca azdır. Bu barədə ölkə başçısı ətraflı bəhs etdiyi üçün əlavə şərh vermirəm. Qaldı məsələnin ikinci aspekti – işğaldan azad edilən ərazilərə qayıdışın qrafiki. Ölkə başçısının bu istqiamətdə olan yanaşması ilə tam razıyam. Çox təəssüflə qeyd edim ki, bu istiqamətdə bəzi dairələr hətta ciddi siyasi manipulyasiyalar da edirlər. Məsələn, bildirirlər ki, niyə ermənilər öz yerlərinə qayıdır, biz isə yox? Bunu iddia edənlər bilməlidir ki, biz 30 ildən sonra ora qayıdırıq, ermənilər isə bu müddət ərzində orada yaşayıblar. Bizə aid nə varsa məhv ediblər. Özlərinin yaşadığı kəndlər, qəsəbələr isə yaşayış üçün yararlıdır. Prezident Şuşa ilə bağlı vəziyyəti də ətraflı təsvir etdi. Birmənalı şəkildə bu nəticə çıxır ki, hətta ermənilərin tərk edəcəkləri ağıllarına belə gəlməyən Şuşada belə normal yaşayış üçün infrastruktur yoxdur. Ətraf ərazilər tam minalanıb. Bu baxımdan da ölkə başçısının verdiyi “yol layihəsi” ən idealıdır. Bu nəticəyə gəlirik ki, həmin ərazilər müasir üsulla yenidən qurulandan sonra əhali ora köçürüləcək. İstər təhlükəsizliyin tam təmini, istərsə də infrastrkuturun bərbası baxımından bu olduqca unikal addım sayılmalıdır”.

Ekspert hesab edir ki, Azərbaycanın maliyyə imkanları bu layihənin sürətli şəkildə həyata keçəcəyinə tam təminat verir.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …