Azərbaycanın qədim şəhəri Şuşanın əsasının qoyulmasının 270 illiyinin yüksək səviyyədə keçirilməsi məsələsi gündəmə gəlib. Qondarma rejimin qanunsuz liderinin tarixi Azərbaycan şəhərində andiçmə məsələsindən sonra bu məqama ictimaiyyətdə xüsusi diqqət göstərildi.
Şuşa şəhərinin 270 illiyinin keçirilməsinə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlıdan da dəstək gəlib. O bildirib ki,, Şuşanın əsasının qoyulmasının 270 illiyinin keçirilməsi istiqamətində tədbirlərin gerçəkləşdirilməsi yaxşı olardı: “Vaxti ilə biz Bakıda Şuşanın əsasının qoyulmasının 250 illiyinin qeyd olunması məsələsinin gündəmə gətirmişdik və tədbir də təşkil eləmişdik. Düzdür, dövlət səviyyəsində olmamışdı, amma siyasi patiyaların, bir sıra təkilatların, ziyalılan iştirakı ilə belə bir tədbir keçirilmişdi. Hesab edirəm ki, Şuşanın 270 illiyi yüksək səviyyədə qeyd olunmalıdır. Bu tədbir ermənilərin Şuşa ilə bağlı iddialarına cavab olar. Bu barədə bizim Ümid Partiyası ilə də söhbətlərimiz olub, onların belə bir təşəbbüsü var. İqbal Ağazadənin müraciəti var. Sonra millət vəkili Aqil Abbas da bu məsələni Milli Məclisdə gündəmə gətirdi. Biz bütövlüklə bu məsələyə dəstək veririk. Hesab edirəm ki, bu tədbir dövlət səviyyəsində yüksək formada təşkil olunmalıdır”.