Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

“Tərtər işi”ndə adı keçən Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub

Təqdimat Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edilib

Keçmiş hərbi prokuror Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Bu barədə təqdimat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib. Bunun ardınca Xanlar Vəliyev Milli Məclisdə and içib.

Baş prokurorun müavini, Hərbi prokuror Xanlar Vəliyev səlahiyyət müddəti başa çatdığı üçün aprelin 8-də təqaüdə göndərilmişdi. O, 1995-ci ildən hərbi prokuror vəzifəsini tuturdu.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

Aprelin 7-də Prezident İlham Əliyev Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddinin artırılması ilə bağlı qanun imzalayıb.

Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.

Xanlar Vəliyevin adı hərbi qulluqçulara işgəncə verilməsi və onların qanunsuz azadlıqdan məhrum edilməsi ilə bilinən “Tərtər işi”ndə təşkilatçılarından biri kimi çəkilir.

“Tərtər işi” 2017-ci ilin may ayında baş verib. Bu zaman Azərbaycanda hərbçiləri kütləvi şəkildə həbs edilərək inşgəncələrə məruz qalıb və onlardan Ermənistanın xeyrinə casusluqla məşğul olmalarıyla bağlı etiraf tələb edilib.

2017-ci ilin may-iyun aylarında Tərtərdə 500 nəfərdən artıq hərbçiyə ağır işgəncələr verilib.

Nəticədə 10 nəfərdən çox hərbi qulluqçu həyatını itirib.

Hərbi prokuror Xanlar Vəliyev işgəncələr nəticəsində yalnız bir nəfərin öldüyünü bildirib.

2021-ci ildə Azərbaycan hakimiyyəti bu işi təkrar araşdırıb.

Bir neçə məhkəmə prosesi keçirilib və günahkarların bəziləri müxtəlif həbs cəzalarına məhkum ediliblər. Bununla belə, hələ də bütün iş üzrə kompleks araşdırma aparılmayıb.

Məhkəmə proseslərində təqsirləndirilən şəxslər, onların vəkilləri, eləcə də zərərçəkmişlər bir neçə dəfə vəsatət qaldırıblar ki, müdafiə naziri Zakir Həsənov, o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkovdan tutmuş, hərbi prokuror Xanlar Vəliyev, korpus komandiri Hikmət Həsənova qədər hamısı dindirilsin. Lakin hakimlər hər dəfə bu vəsatətləri rədd edib.

Check Also

Sel Ağsuda can aldı

Güclü yağış nəticəsində ekskavatora sığınan 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb Ağsunun Kalva kəndində …