Türk Dövlətləri Təşkilatı (TDT) Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı keçiriləcək ümumxalq referendumuna müşahidəçilər göndərəcək.
Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəsi Muxtar Yerman bu gün komissiyanın iclasında deyib.
O qeyd edib ki, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) də müşahidə missiyaları referendumu izləmək üçün Qazaxıstana göndəriləcək.
“Ümumilikdə referendumu 30 ölkədən 177 beynəlxalq müşahidəçi izləyəcək”, – MSK-nın nümayəndəsi söyləyib.
İclasda iştirak edən Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib ki, referendumu 200 xarici jurnalist izləyəcək.
Onun sözlərinə görə, ümumilikdə 14 ölkədən 38 KİV-i təmsil edən 162 xarici jurnalist Xarici İşlər Nazirliyində daimi akkreditasiyadan keçib.
“Daha əvvəl nazirlikdə akkreditə olunmuş KİV-lərin referendumu müşahidə etmək hüququ var. Ayrı-ayrılıqda 38 xarici jurnalist referendumu izləmək üçün müvəqqəti akkreditasiyadan keçib. Cəmi 200 jurnalist referendumu müşahidə edəcək”, – R.Vasilenko vurğulayıb.
Oktyabrın 6-da Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı referendum keçiriləcək. Respublika vətəndaşları bir suala cavab verməli olacaqlar: “Siz Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə razısınızmı?”.
AES-in inşası 8-12 milyard ABŞ dollarına başa gələ bilər.