Cümə , 26 Aprel 2024
Drone Cameras

Televiziyalarda ədəbi dil normalarına riayət olunması ilə bağlı iclaslar keçirilib

“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda baş tutan konfransdan sonra ölkənin əksər radio və televiziyalarında ədəbi dil normalarına riayət olunması ilə bağlı iclaslar keçirilib.

“Report”un xəbərinə görə, iclaslarda dil normalarının qorunması ilə bağlı aparıcı, müxbir, redaktor və digər müvafiq şəxslərə tapşırıqlarlar verilib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında bildirib ki, MTRŞ Azərbaycanın milli televiziya kanallarında ədəbi dilin qorunması məsələsinin aktullığını nəzərə alaraq televiziyalara dilin normalarına əməl olunmasını diqqətdə saxlamalarını bir daha tövsiyə edib.

O bildirib ki, ədəbi dilin normalarına necə əməl olunması ilə bağlı mütamadi monitorinqlər aparılır: “AMEA Dilçilik İnistitutunun müvafiq şöbəsi ədəbi dilin qorunması ilə bağlı xüsusi monitorinq aparır. MTRŞ isə efirdə xarici dildən olan sözlərdən istifadə, məişət dilindən istifadə, jarqon ifadələrin işlənməsi və s. məsələləri daim diqqətdə saxlayır”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio (İTV) Yayımları Şurasının sədri, AMEA-nın həqiqi üzvü Muxtar İmanov “Report” a açıqlamasında bir neçə gün öncə KİV-də ədəbi dilin qorunması ilə bağlı keçirilən konfransı xatırladıb və bildirib ki, konfransda bu sahədə olan uğur və qüsurlar müzakirə olunub: “KİV-də Azərbaycan ədəbi dilinin qorunması və inkişafı aktual mövzudur. İTV də bu prosesin içindədir. İctimai Televiziyada Azərbaycan ədəbi dilini yüksək səviyyədə bilən, inkişaf etdirən çox istedadlı jurnalistlər var. Amma bununla yanaşı, bəzi verilişlərdə aparıcıların nitqində qüsurlar var. Bu hal yalnız İTV-də deyil, başqa televiziyalarda, radio, qəzet və jurnallarda da var. Qeyd etdiyim kimi dilin ədəbi normalarının qorunması ilə bağlı çox ciddi söhbətlər oldu və təbii ki, söhbətlərlə əlaqədar televiziyalar, o cümlədən İTV nəticə çıxarıb və kollektivə tapşırıqlarını verib. Konfransdan sonra bu istiqamətdə işlər daha da genişlənir, daha çox aktuallıq kəsb edir. Bu məsələdə jurnalistlərimizin xüsusi həssaslıq göstərmələri tövsiyə olunur”.

M.İmanov bildirib ki, ədəbi dilin işlədilməsində yanlışlıqlara yol verənlərə konkret cəza tədbiri nəzərdə tutulmur.

Azərbaycan Respublikası İctimai Televiziya və Radio (İTV) Yayımları Şurasının sədri Muxtar İmanov

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mətbuat xidmətindən isə “Report”a bildirilib ki, Azərbaycan Televiziyası və Radiosunda Azərbaycan ədəbi dilinin təbliğ olunması ilə bağlı heç bir problem yoxdur: “Azərbaycan Radiosu 1926-ci ildən, Azərbaycan Televiziyası isə 1956-ci ildən indiyədək Azərbaycan ədəbi dilinin təbliği, qorunması və inkişafı ilə bağlı saysız-hesabsız proqram və verilişlər hazırlayıb, eyni zamanda xaricdə yaşayan soydaşlarımız üçün ədəbi dilin mənimsənilməsində bir məktəb rolunu oynayıb. Uzun illər boyu Azərbaycan Teleradiosu doğma dilin qorunması və gələcək nəsillərə mükəmməl şəkildə çatdırılması kimi vacib və müqəddəs missiyanı görkəmli dilçi alimlər, müqtədir yazıçı və şairlərimizlə birgə həyata keçirib və indi də davam etdirməkdədir”. Məlumatda deyilib ki, hazırda akademik Nizami Cəfərovun “Azərbaycan dili” və akademik Kamal Abdullanın “Sözün sirri” kimi verilişlər aparması Azərbaycan Televiziyasının doğma dilimizə olan münasibətinin bariz göstəricisidir: “Amma Azərbaycan Televiziyası təkcə bu verilişlərlə kifayətlənmir. “Səhər”, “Günün nəbzi” proqramlarında mütəmadi olaraq dilçi alimlər və mütəxəssislər iştirak edərək, ədəbi dil normalarının qorunması və ona məsuliyyətlə yanaşılması ilə bağlı fikir və rəylərini tamaşaçılara çatdırır, doğma dilimizi sevməyi təbliğ edirlər. “Mədəniyyət” televiziyasında yayımlanan “Ana dili” veriliişində isə kiçik yaşlı uşaqlara doğma dilimizdə duzgün yazmaq və düzgün danışmaq öyrədilir.

“Xəzər” televiziyasının sözçüsü Aqşin Kamal

Azərbaycan Teleradiosunda aparıcıların qüsursuz nitq mədəniyyətinə malik olması üçün əsl məktəb mövcuddur. Uzun illər Azərbaycan Teleradiosunda çalışmış tanınmış diktorlar və aparıçılar öz təcrübələrini gənc həmkarları iıə bölüşür, Televiziya Akademiyasında isə aparıcılara ustad dərsləri keçirilir”. 

“Xəzər” televiziyasının sözçüsü Aqşin Kamal “Report”a bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Fondun Milli Televiziya və Radio Şurasının (MTRŞ) dəstəyi ilə gerçəkləşən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində televiziyanın aparıcıları və müxbirlərinə təlimlər keçirilir: “İlk təlim “Xəzər” televiziyasında gənc aparıcı və reportyorların iştirakı ilə keçirilib. Tez-tez tanınmış televiziya mütəxəssisləri, təcrübəli aparıcılar dəvət olunur və onlar əməkdaşlarımıza treninqlər keçir. Televiziyanın daxilində komissiya MTRŞ-nin hesabatlarını müzakirə edir və nəticələr çıxarır”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir