Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Torpaqlarımızın işğaldan azad olunması yolunda görülən bütün əməli işlərdə dövlətimizin yanındayıq” – AMİP bəyanat yaydı

Azərbaycan Milli İstiqlal Partiyası bəyanat yayıb.

Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir.

Ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında yaradılmış qondarma Ermənistan dövləti 1992-1994-cü illər ərzində xarici havadarlarının, xüsusilə də for-postu olduğu üçüncü tərəfin bilavasitə dəstəyi və iştirakı ilə Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılmış, 1988-ci ildə hazırkı ermənistandakı tarixi vətənlərindən didərgin salınmış soydaşlarımız da daxil olmaqla, ümumilikdə bir milyondan artıq azərbaycanlı əhali qaçqınlıq həyatı yaşamağa məhkum edilib. Görünməmiş zorakılıqların və baş verənlərə dünya ictimaiyyətinin, eləcə də beynəlxalq təşkilatların etinasız yanaşmasının nəticəsi olaraq azyaşlı uşaqlar, qadınlar və qocalar da daxil olmaqla yüzlərlə dinc mülki əhali erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, minlərlə insan əsir və girov götürülmüş, nəhayət, müasir dövrün ən qəddar qətliamlarından biri – Xocalı soyqırımı törədilib.

Azərbaycan Respublikası ərazisinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması, işğal edilmiş Qarabağın yuxarı hissəsində separatçı rejimin mövcudluğu və Ermənistanın siyasi rəhbərliyinin etnik təmizləmə aparması faktı sonradan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri, eləcə də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi Qətnamələrlə tanınmış və pislənmiş, erməni qoshunlarının qeyd-şərtsiz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməsi tələb edilib.

Lakin bütün bunlara baxmayaraq Ermənistanın təcavüzkar rejimi işğalı legitimləşdirmək üçün ardıcıl olaraq canfəşanlıq edir, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş  norma və prinsiplərinə, beynəlxalq ictimaiyyətə və demokratik dünyaya etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərini azad etmək barədə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının mövcud Qətnamələrini icra etməkdən boyun qacırır.

Acınacaqlı və qəbuledilməz haldır ki, təcavüzkar Ermənistan dövləti bu illər ərzində işğal etdiyi Azərbaycan ərazilərində Azərbaycan Respublikası vətəndaşlarının əsas insan hüquq və azadlıqlarını mütəmadi olaraq pozmaqla “Dağlıq Qarabağ Respublikası” adlanan qondarma bir qurum yaradaraq orada dəfələrlə  müxtəlif səviyyəli “seçkilər” keçirməkdədir.

Qondarma qurumun işğal altında olan ərazilərdə indiyədək keçirdiyi bütün “seçkilər” birmənalı olaraq Azərbaycan Respublikası Konstitusiyasının, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnamələrinin, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Bu ilin 31 mart tarixində, azərbaycanlıların soyqırımını simvolizə edən bir gündə növbəti qondarma seçkilərin keçirilməsi, eləcə də mayın 21-də  Azərbaycanın və Qarabağın baş tacı sayılan qədim Şuşa qalasında atəşfəşanlıqla qondarma “Dağlıq Qarabağ Respublikası “prezident”inin inauqurasiya mərasimini keçirməyə hazırlaşılması, bu tədbirdə Ermənistan baş nazirinin iştirakının planlaşdırırlması növbəti siyasi təxribat və erməni tərəfinin işğalçı mahiyyətinin nümayişi olmaqla yanaşı, ermənilərin problemin danışıqlar yolu ilə həllində maraqlı olmadığının, əksinə, qarşı tərəfə güc nümayişinin, dünya birliyinə, problemin həllini öz üzərinə götürmüş beynəlxalq təşkilatlara və beynəlxalq hüquqa hörmətsizliyinin bariz nümunəsidir.

Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, bütün bu baş verənlərin fonunda problemin həllində sorumlu olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və onların mənsub olduqları dövlətlərin susqunluğu hələ də Azərbaycana münasibətdə ikili standartların mövcudluğunu təsdiq etməklə hər birimizdə dərin təəssüf və hiddət yaradır.

AMİP ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların Dağlıq Qarabağda keçirilən qondarma “seçkilərin” legitimliyinin tanınmaması barədə verdikləri Bəyanatları qeyd etməklə yanaşı, bunun yetərli olmadığını, dünya birliyi tərəfindən təcavüzkara əməli təzyiq göstərməsinin vacibliyini vurğulayaraq Azərbaycan hakimiyyətindən də torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli addımların atılmasını, həmçinin, dünya birliyi tərəfindən Ermənistana qarşı sanksiyaların qəbul edilməsi ilə bağlı konkret və əməli fəaliyyət planı işlənilib hazırlanması və həyata keçirilməsini tələb edir.

AMİP bəyan edir ki, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri işğal altında olan ərazilərimizin hava məkanında icazəsiz olaraq hərəkət edən istənilən obyektin vurulması ilə bağlı beynəlxalq hüququn tanıdığı imkanlardan istifadə etməli və hava məkanımızı pozan bütün uçan obyektlər, içərisində düşmən ölkənin baş naziri və ya kim olmasından asılı olmayaraq məhv edilməlidir.

AMİP olaraq torpaqlarımızın işğaldan azad olunması yolunda görülən bütün əməli işlərdə dövlətimizin yanında olmağa hazır olduğumuzu bir daha bəyan edirik.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …