Bazar ertəsi , 14 Aprel 2025
Drone Cameras

“TotalEnergies” Azərbaycandakı obyektlərini daimi metan monitorinqi sistemləri ilə təchiz edəcək – EKSKLÜZİV

Fransanın “TotalEnergies” neft-qaz şirkəti 2025-ci ilin sonunadək Azərbaycandakı istehsal obyektlərində daimi metan monitorinqi sistemlərinin tətbiqini planlaşdırır.

Bu barədə “Report”a müsahibəsində şirkətin Avropada kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jan-Lyuk Gizyu məlumat verib.

Onun sözlərinə görə, belə sistemlərin tətbiqi “TotalEnergies”in daha dayanıqlı və “yaşıl enerji”yə keçid strategiyası çərçivəsində zərərli tullantıların azaldılmasına yönəlib:

“Enerji sektoru neft və qaz kimi ənənəvi mənbələrdən tullantıların azaldılmasında aparıcı rol oynamalıdır. Bu, xüsusilə metan tullantılarına aiddir. Metan emissiyalarının azaldılması qarşıdakı illərdə əsas prioritetlərimizdən biridir”.

J.Gizyu qeyd edib ki, “TotalEnergies” 2022-ci ildə öz obyektlərində metan tullantılarının azaldılması məqsədini rəsmən bəyan edib. Şirkət 2030-cu ilə qədər 2020-ci illə müqayisədə bu tullantıları 80 %-dən çox azaltmağı hədəfləyir. Aralıq məqsədlərdən biri 2025-ci ilədək 50 %-lik azalma idi. O bildirib ki, şirkət bu hədəfi artıq 2024-cü ildə ötüb:

“Azalma səviyyəsi planlaşdırılandan bir il əvvəl 55 %-ə çatıb. Bu nəticəni nəzərə alaraq, 2025-ci ilə qədər tullantıları 60 %-dən çox azaltmağı qarşıya yeni hədəf kimi qoymuşuq”.

Şirkətin nümayəndəsi həmçinin bildirib ki, yeni strategiyanın əsas tərkib hissələrindən biri dünyadakı bütün istehsal sahələrində daimi metan monitorinqi sistemlərinin tətbiqidir. Bu çərçivədə ilin sonunadək Azərbaycandakı “Abşeron” qaz yatağı da daxil olmaqla, 13 000-dən çox bu cür qurğunun quraşdırılması planlaşdırılır.

“Bu texnologiyalar artıq mövcuddur və biz onları sənaye üçün mühüm irəliləyiş hesab edirik. Daimi monitorinq istənilən tullantı mənbəyini – sızma, məşəl qurğuları və ya ventilyasiya tullantılarını – dərhal müəyyən edib aradan qaldırmağa imkan verir”, – deyə o əlavə edib.

J. Gizyu, həmçinin vurğulayıb ki, “TotalEnergies” Azərbaycanda tullantıların azaldılması və monitorinq sahəsində ən yaxşı təcrübələri bölüşərək yerli tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcək:

“Biz istehsal proseslərində məsuliyyətli yanaşmanı təşviq edən lider mövqeyimizi qorumaqdan qürur duyuruq”.

Check Also

Rusiya Ermənistana qaz təchizatını dayandırıb

Rusiya Gürcüstan ərazisində təmir işləri ilə əlaqədar Ermənistana təbii qaz təchizatını dayandırıb. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər …