ABŞ prezidenti Donald Tramp Britaniya Yayım Korporasiyasına (BBC) qarşı böhtan iddiası qaldırmağa məcburdur.
Boyukmillet.com xəbər verir ki, bunu Tramp “Fox News”a verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, BBC onun çıxışını redaktə etməklə sözlərinin mahiyyətini təhrif edib: “Düşünürəm ki, məcbur olacağam. Niyə də yox? Çünki onlar ictimaiyyəti çaşdırdılar. Və bunu etiraf ediblər. Düşünürəm ki, bunu etmək mənim öhdəliyimdir. Çünki insanların bunu etməsinə icazə verə bilməzsiniz”.
ABŞ prezidenti BBC jurnalistlərinin hərəkətlərinə toxunaraq vurğulayıb: “Bu, çox vicdansızlıq idi”.
Qeyd edək ki, iki gün öncə Britaniya Yayım Korporasiyası açıqlayıb ki, 14 noyabr tarixinə qədər redaktə edilmiş çıxışını əks etdirən verilişi silməsə, Tramp onları 1 milyard dollar məbləğində təzminat davası ilə hədələyib. Tələb BBC-nin 2024-cü ilin oktyabrında yayımladığı bir saatlıq “Panorama” proqramı ilə bağlıdır. Proqramda Trampın çıxışı ABŞ Kapitoli binasının ələ keçirilməsinə çağırış etdiyini göstərmək üçün redaktə edilib, halbuki əslində o, vətəndaşların etirazını dinc yolla ifadə etməyinin zəruriliyindən danışıb.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
