Ötən ilin sonlarında ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri ilə söhbətində Azərbaycan və Ermənistan arasında sülh məsələsi qaldırılıb, sülh əldə edilməsə, Vaşinqtonun hər iki ölkəyə qarşı tarifləri 100 faiz artıra biləcəyi barədə xəbərdarlıq etdiyi bildirilmişdi.
Boyukmillet.com Anewz-a istinadən xəbər verir ki, bir sıra media orqanları, o cümlədən BBC-nin Azərbaycan xidməti, bu açıqlamanı Azərbaycan iqtisadi təzyiq altında sülhə məcbur edilir kimi təqdim etmişdi.
Lakin telekanal bildirir ki, bu təqdimat danışıqların xronologiyası ilə uyğun gəlmir. Sülh prosesi tarif məsələlərindən əvvəl başlayıb. Azərbaycan və Ermənistan arasında danışıqlar 6 aprel 2022-ci ildə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın göstərişi ilə strukturlaşdırılmış sülh müqaviləsinin hazırlanması ilə start götürüb.
6 oktyabr 2022-ci ildə Praqada tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləyib, gələcək müqavilənin hüquqi əsasını qoyublar. 2023-cü ilin may və iyul aylarında Brüsseldə sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələri və təhlükəsizlik tədbirləri müzakirə edilib. 2023-cü ilin payızından etibarən danışıqlar ikitərəfli formata keçib və 2025-ci ilin mart ayında sülh müqaviləsinin razılaşdırılmış layihə mətni mərhələsinə çatıb.
Diplomatik mənbələr bildirir ki, ABŞ-nin tariflərlə bağlı təzyiq göstərdiyinə dair heç bir rəsmi məlumat yoxdur və Azərbaycan sülh təşəbbüsünü öz təşəbbüsü ilə aparıb. ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff qeyd edib ki, İlham Əliyev məqsədinin yalnız işğal olunmuş ərazilərin bərpası olduğunu bildirib və bu qərarı dövlətçilik nümunəsi kimi qiymətləndirib.
Telekanal vurğulayır ki, “Azərbaycan və Ermənistan arasında sülh prosesi təhdidlərlə başlamayıb və tariflərin təzyiqi altında sülhə doğru irəlilədiyi iddiaları danışıqların xronologiyasını və mahiyyətini əks etdirmir”.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
