Türkiyənin “Savaşçı” serialının 22-ci bölümündə Azərbaycan bayrağına edilən jestə bir qrup azərbaycanlı qarşılıq verib.
Kult.az xəbər verir ki, serial müəlliflərinin jestinə cavab gənc fotoqraf Taleh Valehovun müəllifliyi ilə hazırlanıb. Belə ki, o, “Bu da bizim bayraqdır” adlı layihəsini gerçəkləşdirib. Layihəyə əsasən müxtəlif sahələrdən olan tanınmış şəxslər əllərində Türkiyə bayrağı və onun üzərində “Bu da bizim bayraqdır” yazısını tutublar.
Fotoqraf öz Feysbuk səhifəsində layihə ilə bağlı qısa açıqlama yayıb:
“Türkiyədə yayımlanan “Savaşçı” teleserialının 22-ci bölümünün, Azərbaycan bayrağı ilə bağlı səhnəsinə cavab: Bu da bizim bayraqdır”.
Qeyd edək ki, bir müddət öncə Türkiyənin “Foks” televiziyasında yayımlanan “Savaşcı” serialının 22-ci seriyasında Azərbaycanla bağlı səhnə yer alıb. Belə ki, serialın bu bölümündə Şimali İraqda girov götürülən azərbaycanlı mühəndislərdən bəhs edilib.
Serialda türk ordusunun yüksək rütbəli komandirlərinin də iştirakı ilə Azərbaycanın Türkiyədəki Konsulluğunda keçirilən iclasda xilasetmə üçün göndərilən Azərbaycan xüsusi təyinatlılarına türk hərbçilərin yardım etməsi barədə razılıq barədə danışılır. Daha sonra əsgərlərinə əməliyyat tapşırığı verən türk komandir onların qollarına Azərbaycan bayrağı vurmasını əmr edir. Qeyd-şərtsiz icra edilən komandadan sonra türk komandiri üzünü əsgərlərinə tutaraq, “Qolunuza vurmanızı istədiyim bayraq başqa ölkənin bayrağı olsa, qəbul edərdiniz?”, – sualını verir. Komandirin bu sualı qarşısında əsgərlər tək-tək “xeyr” cavabını verir. Bu zaman əsgərlərini ruhlandıran komandir Azərbaycan bayrağı barədə “Bizim bayrağımız” ifadəsini səsləndirir.
Bölümün sonunda isə Azərbaycan mühəndislərini qaçıran terrorçu xəritədə Azərbaycan və Türkiyəni göstərərək deyir:
“Azərbaycan və Türkiyə, bunlar hər ikisi birlikdə gülürlər, birlikdə ağlayacaqlar”.