PKK terror təşkilatı qardaş ölkəyə qarşı “erməni taboru” yaratdı, mərasimə Azərbaycanda qətliamlar törətmiş ASALA başkəsənləri də qatıldı; Paşinyan isə Moskvanın istəyi ilə Suriyaya erməni kontingenti göndərməsinə haqq qazandırdı – səbəb…
PKK terror təşkilatı Suriyada işğal etdikləri ərazilərdə 1915-ci il hadisələrinin ildönümü ilə bağlı Türkiyəyə qarşı erməni taboru yaradıb. Xarici vətəndaşlar, o cümlədən ermənilərdən ibarət 90 nəfərlik tabora 2017-ci ildə ölən erməni terrorçusu Nubar Ozanyanın adı verilib. O da maraqlıdır ki, terrorçu dəstənin təşkil toplantıya Azərbaycanda törədilən qətliamlarda iştirak eləmiş, sonralar isə ASALA terror təşkilatının üzvü olmuş terrorçular da qatılıblar.
Bu, sözsüz ki, ilk növbədə qardaş Türkiyəyə qarşı yeni təhdid siqnalıdır. Özü də bunu sırf PKK-çılar və ya ermənilərin özfəaliyyəti ilə əlaqələndirmək yanlış olardı. Ona görə ki, nə terrorçu hörgüt və onun YPG/PYD kimi uzantıları, nə də daim böyük güclərin əlində maşa olmağı sevən ermənilər belə müstəqil qərar vermək dərəcəsində özbaşına deyillər.
Suriyada isə hazırda məhz Rusiya, Moskva daha böyük söz sahibidir. O Moskva ki, Cənubi Qafqazda işğalçı Ermənistanın əsas varlıq qarantı olmaqla yanaşı, vaxtilə Türkiyəyə qarşı PKK terror təşkilatının da yaradıcısı hesab olunur.
Məsələ də ondadır k, son illər Rusiya ilə Türkiyə arasında siyasi-iqtisadi sahələrdə, energetik sferada (“Türk axını”, Akkuyu AES), hətta hərbi sahədə (S-400 sistemlərinin alqı-satqısı) əməkdaşlıq güclənsə də, Suriya böhranı ilə bağlı iki paytaxt müştərək hərəkət eləməyə çalışsa da, Ankara və Moskva Yaxın Şərq, o cümlədən Suriya məsələsində həm də fərqli maraqlar daşıyıcısıdır. Onlardan biri və birincisi Kremlin ayaqda saxladığı Bəşər Əsəd rejimi və terrorçu PKK məsələsinə münasibətlə bağlıdır.
Məlumdur ki, Türkiyə zalım Əsəd rejiminin legitimliyini tanımır, Kremlin, Tehranın arzu və istəklərinə rəğmən, onunla hər hansı siyasi-diplomatik əlaqələr qurmaqdan imtina edir. Qardaş ölkə habelə, PKK məsələsində sonuncunun gizli-açıq himayəçiləri olan Rusiyadan, ABŞ və Avropadan fərqli olaraq, prinsipial və sərt mövqedədir. Bu fakt da Türkiyənin kürd terrorçularına qarşı Suriya ərazisində daha genişmiqyaslı əməliyyat aparmasına imkan vermir.
*****
Lakin son vaxtlar diqqət çəkən məqamlardan biri də Ankara-Moskva yaxınlaşmasından və iş birliyindən təlaşlanan ermənilərin Rusiyanın patronajlığı altında Suriyada “boy verməyə” başlamasıdır. Az öncə İrəvan hökumətinin Moskvanın istəyi ilə Suriyaya humanitar-hərb missiya göndərməsi bunun bariz sübutlarından sayıla bilər. Ən qəribəsi də buna “qərbyönlü” Paşinyan hökumətinin qərar verməsi oldu – hansı qərar ki, dərhal ABŞ-ın sərt reaksiyasına səbəb olmuşdu.
Yeri gəlmişkən, Ermənistandakı “məxməri inqilab”ın (Sərkisyan rejiminin çöküşünün) ildönümü ilə bağlı (23 aprel) Rusiyadakı “Nezavisimaya qazeta”ya verdiyi müsahibədə baş nazir Nkol Paşinyan özünü təmizə çıxarmaq üçün həmin qərarla az qala, fəxr duyduğunu deyib. Onun sözlərinə görə, indiyədək heç bir Ermənistan hökuməti ABŞ-ı onun kimi tənqid eləməyib. “Bizim üçün əsas öz suverenliyimizi və müstəqilliyimizi saxlamaqdır” deyib.
Paşinyan əlbəttə ki, tipik erməni kimi blef edir, ağ yalan danışır. Satellit Ermənistanın hansı suverenliyi və müstəqiiliyindən söhbət gedə bilər, əgər hələ də onun Türkiyə və İranla sərhədlərini ruslar qoruyursa, İrəvan aeroportunda belə, yoxlamaları Rusiya FSB-si həyata keçirirsə, ölkədə iki böyük Rusiya hərbi bazası varsa? İrəvanın xarici siyasətinin əsas oriyentirlərinin Moskvada müəyyən edildiyi, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın çoxdan “Kremlin tulası”, agenti olduğu da bəllidir.
*****
Ən qəribəsi odur ki, “qərbyönlü” Paşinyanın hakimiyyəti dövründə Rusiyadan asılılıq azalmaq əvəzinə, artıb. Bunu vaxtilə onun qızğın tərəfdarı olmuş erməni ekspertlər də etiraf edirlər.
“Suriyaya humanitar missiyanın göndərilməsi Rusiyanın təzyiqinin nəticəsi idi. Ermənistanın yeni hakimiyyəti Moskvanın israrlı xahişinə qarşı çıxmaq üçün özündə güc tapa bilmədi. Halbuki belə bir missiyanın göndərilməsi Sərkisyan dönəmində də aktual idi. Amma Sərkisyanın ağlı kifayət elədi ki, Qərblə, xüsusən də ABŞ-la əlaqələri korlamamaq üçün bu addıma getməsin. Erməni siyasətinin paradoksu ortadadır: Kremlin marioneti sayılan Serj Sərkisyan Moskvanın təzyiqinə boyun əymədi, amma Qərblə yaxınlaşmaq şüarı ilə hakimiyyətə gələn, ”anti-Rusiya ovqatlı” Paşinyan buna qol qoydu”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə armenianreport.com-un dünənki baş məqaləsində deyilir.
Məqalədə Qərbin ciddi şəkildə Paşinyandan məyus olduğu da vurğulanır: “Təbii ki, öncələr Nikol Paşinyana rəğbət bəsləyən və ”məxmər inqilab”a müəyyən ümidlər bəsləyən Qərb, ABŞ rusların Suriyadakı hərəkətlərini dəstəklədiyinə görə onu sərt tənqid elədi. Təəssüf, artıq tam aydındır ki, hakimiyyətdə olduğu 1 ildə Paşinyan anlaya bilmədi ki, bizim müstəqilliyimizə ABŞ və Qərb yox, məhz aqressiv Rusiya imperiyası və yerlərdə onun siyasətinin ötürücüləri təhlükə yaradır. Əfsus, daha şübhə qalmadı ki, Paşinyan və onun hökuməti məhz Rusiyanın ölkəmizdəki imperiya siyasətinin ötürücülərinə çevrildi”.
*****
Suriyadakı terrorçu PKK-erməni əməkdaşlığının yeni formasına gəlincə, yada salaq ki, kürd və erməni terrorçularının iş birliyi Qarabağ məsələsində də zaman-zaman gündəmdə olub. Hətta zaman-zaman işğal altındakı ərazilərimizdə PKK-çıların yuvalarının olduğu barədə məlumatlar yayılıb.
Odur ki, təəccüblənməyə dəymir. Ermənilər Türkiyə və Azərbaycana qarşı ənənəvi təxribatçı və maşa rolunu oynamaqda davam edirlər. Bu roldan və xidmətdən iki qardaş ölkəyə qarşı məharətlə faydalanan, eyni zamanda özünü Türkiyə və Azərbaycanın strateji tərəfdaşı sayan Moskvanın məkrli siyasəti isə ayrı yazının mövzusudur…