Cümə , 22 Noyabr 2024
Drone Cameras

Turan Bayramovun məşqçisi: “Legioner güləşçiləri gətirib maklerlik edirlər”

“Bu gün məşqçilərin əksəriyyəti maklerliklə məşğuldur”.

Gənclər arasında dünya çempionu və 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş mütəxəssis bildirib ki, əcnəbi idmançının milli komandaya cəlb olunması şəxsi maraqlara xidmət edir: “Yerli məşqçinin yetişdirdiyi idmançı nüfuzlu yarışda qalib gələndə mükafat həmin mütəxəsissə çatır. Bunlar isə Dağıstandan hazır idmançıları gətirib maklerlik edirlər. Beləliklə, mükafatı öz adlarına yazdırırlar. Söhbət azərbaycanlı məşqçilərdən gedir. Dövlət legionerlərin məşqçilərinə qətiyyən mükafat ayırmamalıdır. Bu, mənim şəxsi fikrimdir”.

İbrahimov Bolqarıstanın Veliko Tırnovo şəhərində Dan Kolov – Nikola Petrov xatirə turnirində Turan Bayramovla Cəbrayıl Hacıyev arasındakı final görüşü zamanı baş vermiş qalmaqalın kökündə məhz bu amilin dayandığını bildirib: “Turan özünü yaxşı hiss etmirdi. Həm xəstələnmişdi, həm də final qarşılaşmasında Cəbrayıl barmağını onun gözünə soxaraq, bu yolla qələbə qazanıb. Halbuki dağıstanlı idmançıya xəbərdarlıq edilməli idi. Çünki bu, nəinki güləşdə, heç qaydasız döyüşdə də yoxdur. Əslində milli komandanın baş məşqçisi Namiq Abdullayev görüşdən sonra mütləq hər iki idmançı ilə söhbət etməlidir. Çünki onlar komanda yoldaşlarıdır. Bu, ən azı hörmətsizlikdir. Qaydaları pozub qələbə əldə etməyə nə ad vermək olar? Məşqçi Cəbrayılla ən azı tərbiyəvi söhbət aparmalıdır. Hələ mən cəzalandırmağı demirəm. Güləşdə yazılmayan qaydalar var. Bu, kişi idman növüdür. Güləşlə kişi xarakterli idmançılar məşğul olur. Digər ölkə təmsilçisi ilə güləşəndə belə, bu yola əl atmaq düzgün deyil”.

Mütəxəssis İbrahimovun Azərbaycan güləş tarixində 20 yaşadək ən çox medal gətirən idmançı olduğunu xatırladıb: “Ondan çox medal qazanan olmayıb. 20 yaşında 3 dəfə böyüklər arasında Azərbaycan çempionu olub. Bu gün beynəlxalq yarışlarda Turanı sıxışdırmaq, psixoloji cəhətdən üstünə getmək lazım deyil. Çünki 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşır. Əsl azərbaycanlı kimi olimpiadada iştirak etməlidir”

Onun sözlərinə görə, azərbaycanlı idmançıları yerli məşqçilər yetişdirməlidir: “Kənarda güləşçi axtarmamalıyıq. Şəxsi maraqlar ön plana çəkiləndə yerli uşaqlar bundan əziyyət çəkir. Dərinliklərinə qədər bilmirəm. Ola bilər ki, mükafat başqasının adına yazılsın. Çox şey ola bilər. Ən gözəli odur ki, legioner idmançıların məşqçilərinə mükafat verilməsin”.

İbrahimov yerli güləşçilərin diqqətsizlik ucbatından gerilədiyini vurğulayıb: “Bəlkə də fikirləşirlər ki, legioneri rəqabətə görə gətirirlər. Amma biz heç bir inkişaf görmürük. Bunu dünya təcrübəsi də göstərir. Türkiyədə legioner güləşçilərlə xeyli işləsələr də, heç biri effekt vermədi və hamısını geri qaytardılar. Bəli, bizdə ağır çəkilər üzrə legioner güləşçilərə ehtiyac var. Amma o demək deyil ki, həmin çəkilərdə yaxşı uşaqlarımız yoxdur. Sadəcə, işləmək lazımdır”.

Məşçinin fikrincə, legioner yerli uşaqlarla başabaş güləşirsə, onlara ehtiyac yoxdur: “Mən özüm də legioner olmuşam, Qazaxıstanı təmsil etmişəm. Bizə deyirdilər ki, yerli idmançıya 3 xaldan az fərqlə qalib gəlsəniz, öz uşaqlarımıza şans verəcəyik. Bunu bizdə də tətbiq etsələr, çox gözəl olar. Bu, yerli məşqçilərin ümumi fikridir”.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …