Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Boyukmillet.com xəbər verir ki, onun təbrik məktubunda deyilir:
“Möhtərəm cənab Prezident.
Sizi Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti olaraq salamlayır və doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə yeni-yeni uğurlar diləyirəm.
Müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan regionda və dünyada getdikcə daha mühüm rol oynayır. Ölkənin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə yönəlmiş fəaliyyətinizdə Sizə tükənməz enerji arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək, mənə etimad göstərib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunmağıma verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin şəxsi təşəbbüsünüz əsasında yaradılmış təşkilatın rəhbəri vəzifəsinə layiq görülməyim mənim üçün böyük şərəf və qürurdur. Sizi əmin etmək istərdim ki, Türk dünyasının daha da gücləndirilməsi, onun zəngin mədəni irsinin qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Eyni zamanda, Zati-alinizin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər, eləcə də Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı, bütün varlığı ilə Vətəninə bağlı olmuş dünya miqyaslı siyasətçi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizin sevinciniz bütün Türk xalqlarının sevincidir”.