Türkiyənin müdafiə istehsalçısı Aselsan bu il Ukraynaya “Korkut” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin bir partiyasını çatdırıb.
Boyukmillet.com xəbər verir ki, məlumatı “Middle East Eye” portalı yayıb.
Transfer edilən sistemlərin dəqiq sayı açıqlanmayıb.
Qeyd edək ki, “Korkut” sisteminə üç döyüş maşını və bir komanda məntəqəsi daxildir. Tərtibatçı sistemin kamikaze dronlarına qarşı təsirli olduğunu bildirir. Portalın məlumatına görə, Kiyev bu il bu sistemlərdən “az sayda” alıb. Adı açıqlanmayan Ukrayna rəsmisinin sözlərinə görə, sistemlər artıq Rusiya hücumlarına qarşı təsirli olduğunu sübut edib: “Korkut Rusiya hücumlarına qarşı olduqca uğurludur. Əlbəttə ki, bəzi problemlər olub, amma kiçik düzəlişlərlə həll edilə bilməyən heç nə yoxdur”.
Rəsmi şəxsin sözlərinə görə, “Korkut” döyüş sınaqlarından keçirilmiş hesab edilə bilər və Ukrayna əlavə sistemlər almaqda maraqlıdır. Lakin yeni çatdırılmalar əsasən onların qiymətindən asılı olacaq.
Aselsan rəhbəri Əhməd Akyol bu həftə bildirib ki, “Korkut” sistemləri hazırda 9 ölkədə istifadə olunur.
May ayında “Middle East Eye” Səudiyyə Ərəbistanı və Qətərin Korkut 100/25 hava hücumundan müdafiə sistemlərinin alınması üçün müqavilələr imzaladığını bildirmişdi. İraq da sistemi almaqda maraqlı olduğunu bildirib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
