Türkiyə 2030-cu ilə qədər həm səhralaşma, həm də su qıtlığı riski ilə üz-üzə qala bilər.
Boyukmillet.com -un xəbərinə görə, Avropanın aparıcı tədqiqat nəşrlərindən olan “The European Correspondent” müxtəlif beynəlxalq mənbələrə əsaslanaraq xəbərdarlıq edir ki, Türkiyə əhalisinin təxminən 88 faizi səhralaşma riski altındakı bölgələrdə yaşayır.
BMT-nin “2023–2025 Qlobal Quraqlıq Nöqtələri” adlı hesabatı və digər beynəlxalq mənbələrin məlumatlarına görə, Türkiyədə göllərin doluluq səviyyəsi 60–70 faizdən 42 faizə enib.
İstanbulda su ehtiyatları sentyabr ayında 26 faiz təşkil edib. Ankarada bu göstərici 15 faiz, istifadəyə yararlı su ehtiyatı isə cəmi 5 faizdir. İzmirdə vəziyyət daha kritikdir – şəhərin su ehtiyatı 5 faiz doluluq səviyyəsindədir.
Hesabatlara əsasən, Türkiyədə kənd təsərrüfatında istifadə olunan suyun təxminən 80 faizi göl mənbələrindən əldə olunur. 2023-cü ildən bəri davam edən uzunmüddətli quraqlıq nəticəsində bəzi bölgələrdə yağıntı 55 faizə qədər azalıb.
Konya hövzəsində yeraltı su səviyyəsi hər il orta hesabla 2 metr azalır, bölgədə artıq 1000-dən çox yer çökməsi qeydə alınıb.
Türkiyədə sahəsi sürətlə azalan su hövzələrindən biri də Duz gölüdür. Son 40 ildə göl hövzəsi su ehtiyatının yarısından çoxunu itirib. Bu vəziyyət bölgədəki flaminqo ölümləri və ekoloji tarazlığın pozulması ilə nəticələnib. Eyni zamanda Böyük Menderes kimi digər hövzələrdə də su səviyyəsinin azalması kəndlərin tərk edilməsinə səbəb ola bilər.
BMT-nin hesabatına görə, Türkiyədə adambaşına düşən illik istifadə edilə bilən təmiz su miqdarı hazırda təxminən 1350 kubmetrdir. 2030-cu ildə bu rəqəmin 1000 kubmetrə qədər enəcəyi gözlənilir.
Mütəxəssislər bildirirlər ki, Türkiyədə dərhal aşağıdakı addımlar atılmalıdır:
– Su istifadəsinə məhdudiyyətlər qoyulmalı,
– Qanunsuz artezian quyularına nəzarət gücləndirilməli,
– Effektiv və qənaətcil suvarma texnologiyaları təşviq olunmalıdır.
– Uzunmüddətli perspektivdə isə torpaqdan istifadə islahatı, meşələrin bərpası və ekoloji planlaşdırma modelləri həyata keçirilməlidir.
Əks halda, mütəxəssislərin fikrincə, Türkiyə 2030-cu ildə genişmiqyaslı səhralaşma ilə qarşılaşacaq və bu, təkcə region üçün deyil, bütün Avrasiya üçün ekoloji fəlakət ola bilər.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
