Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikadan Azərbaycana yola düşüb.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, dövlət başçısı NATO sammiti və təkbətək görüşlərdən sonra təyyarə ilə Azərbaycana səfərə gəlir.
Ərdoğanı səfərdə xanımı Əminə Ərdoğanla yanaşı, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik, Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak müşayiət edirlər.
Qeyd edək ki, səfər çərçivəsində Şuşada Azərbaycan və Türkiyə rəsmilərinin ikitərəfli görüşləri keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.
Türkiyə Prezidenti Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.