Rusiya 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyəyə boru kəməri qazı ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artıraraq 16 milyard kubmetrə çatdırıb.
Boyukmillet.com Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (EPDK) məlumatlarına əsasən xəbər verir ki, Türkiyə sentyabr ayında TürkAxını və Mavi Axın boru kəmərləri vasitəsilə Rusiyadan ümumilikdə 1,45 milyard kubmetr qaz idxal edib.
Cəmi doqquz ay ərzində Rusiya qazının Türkiyəyə tədarükü 16 milyard kubmetrə çatıb (artım 16 faiz). Mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü də daxil olmaqla (bu il hələ həyata keçirilməyib), 2025-ci ilin yanvar-sentyabr ayları arasında Türkiyəyə ümumi Rusiya qaz tədarükündə artım 14 faiz təşkil edir.
2024-cü ilin sonuna qədər Rusiyadan Türkiyəyə boru kəməri qazı ixracı 2,6 faiz artaraq 21 milyard kubmetrdən bir qədər çox olub. LNG də daxil olmaqla, ümumi qaz ixracı isə 21,5 milyard kubmetri keçib.
Qeyd edək ki, bu ilin yanvarından etibarən Ukrayna öz ərazisindən Rusiya qazının nəqlini tam dayandırdığına görə Macarıstana qaz Türkiyə üzərindən nəql olunur. Türkiyə istiqamətində tədarükün artması bununla bağlıdır.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
