Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı qardaş ölkədə zəlzələ nəticəsində zərərçəkmişlərə kömək üçün Bakıda yardım toplanması kampaniyası ilə bağlı paylaşım edib.
Boyukmillet.com xəbər verir ki, diplomat tviter hesabında foto paylaşıb və yazıb:
“Azərbaycan xalqı yardım göndərərkən (1918-ci ildə Azərbaycana gələrək bolşevik işğalına qarşı müstəqillik yolunu açan) “Nuri Paşanı unutmadıq” mesajını göndərdi”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Hadisə nəticəsində 17 674 nəfər ölüb, 72 879 nəfər isə yaralanıb.